Logo

Riyaziyyat fənni üzrə olimpiada qalibləri ilə görüş keçirilib

06.12.2021 14:13 360 baxış
IMG

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunda 2020-2021-ci tədris ili üzrə riyaziyyat fənni olimpiadalarının qalibləri ilə görüş keçirilib.

İnstitutdan bildirilib ki, institutun baş direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov şagirdlərlə keçirilən görüşün bu elmi qurumla tanışlıq xarakteri daşıdığını, əsas məqsədlərdən birinin onların elmə marağının artırılması olduğunu diqqətə çatdırıb.

M.Mərdanov AMEA-nın mühüm elmi nailiyyətlərin əldə edilməsi, gənclərin elmə cəlb olunması işinə mühüm töhfələr verdiyini qeyd edib. O, akademiyanın prioritet istiqamətlərindən birinin elm və təhsilin inteqrasiyası olduğunu vurğulayıb. Alim bu məqsədlə gənclər arasında olimpiadaların təşkil edildiyini və müxtəlif elmi layihələrin icra olunduğunu deyib.

Respublika fənn olimpiadaların hazırlıq qrupunun rəhbəri professor Nazim Kərimov, Təhsil İnstitutunun əməkdaşı Qorxmaz Mustafayev cəmiyyətdə elmin, təhsilin mühüm rolundan, təhsilimizin inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən, məktəblilərimizin beynəlxalq səviyyədə qazandığı uğurlardan bəhs ediblər. Qeyd olunub ki, olimpiadaların təşkilində məqsəd istedadlı məktəblilərin aşkara çıxarılması, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.

Sonra olimpiada qaliblərinə hədiyyələr təqdim edilib.

Xəbər lenti