Dekabrın 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Xalqımızın milli birliyinin möhkəmlənməsində mənəvi dəyərlərimizin rolu” mövzusunda tədbir keçirilib.
Tehsil.biz xəbər verir ki, tədbirdə DQİDK sədrinin birinci müavini Səyyad Salahlı, Şəki Şəhər İcra hakimiyyətinin başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Sadiq Yusifov, Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsinin müdiri Taleh Abdullayev, ictimaiyyət nümayəndələri, din xadimləri və gənclər iştirak ediblər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı dünyanın dini və məzhəb zəmnində baş verən münaqişələrlə üzləşdiyi bir zamanda ölkəmizin milli, dini həmrəyliyi ilə fərqlənməsindən bəhs edib. S.Salahlı bildirib ki, multikulturalizm və tolerantlığın cəmiyyətimizin həyat tərzi olması onun yüksək mənəvi inkişafının göstəricisidir. Bəşəri dəyərlərin, birgəyaşayış mədəniyyətinin, qarşılıqlı anlayışın bundan sonra da qorunub saxlanması və inkişafı üçün təbliği və təşviqi çox vacibdir. Sədrin birinci müavini onu da qeyd edib ki, cəmiyyətdə multikultural ənənələrin zəifləməsi etnik, dini, irqi zəmində qarşıdurmalara, münaqişələrə səbəb olar. Dünyanın bəzi ölkələrində radikalizm, ksenofobiya, antisemitizm, islamofobiya meyillərinin artmasına diqqəti çəkən S.Salahlı vurğulayıb ki, məhz bu səbəbdən Azərbaycan xalqının sahib olduğu mənəvi dəyərləri qorumalı və gələcək nəsillərə ötürmək üçün əlimizdən gələni etməliyik.
Çıxış edən digər tədbir iştirakçıları respublikamızda dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsindən danışıblar. Eyni zamanda, natiqlər dini radikalizm və ekstremizmə qarşı ideoloji müstəvidə effektiv mübarizənin aparılması, ölkəmizdə tarixən mövcud olan tolerantlıq mühitinin qorunması, eləcə də müxtəlif dinlərə, məzhəblərə etiqad edən ölkə vətəndaşlarının qarşılıqlı hörmət, mehribanlıq şəraitində birgəyaşayış ənənələrinin daha da möhkəmləndirilməsindən bəhs ediblər.