Logo

Təhsil nazirinin müavini Rusiya Federasiyası Milli Abilimpiya Mərkəzinin nümayəndə heyəti ilə görüşüb

07.12.2021 14:44 679 baxış
IMG

Dekabrın 7-də təhsil nazirinin müavini İdris İsayev ölkəmizdə səfərdə olan Rusiya Milli Abilimpiya Mərkəzinin nümayəndə heyətini qəbul edib.

Tehsil.biz xəbər verir ki, görüş zamanı nazir müavini ölkəmizdə əlilliyi olan şəxslərin keyfiyyətli təhsilə çıxışının təmin olunması istiqamətində görülən işlər haqqında qonaqlara məlumat verib. Nazir müavini bildirib ki, əlilliyi olan şəxslərin təhsil sistemi vasitəsilə biliklərə, bacarıqlara və səriştələrə sahib olması, onların işlə təmin edilməsi və cəmiyyətə inteqrasiyası Azərbaycanda dövlət siyasətinin əsas prioritetlərindən biridir. Eyni zamanda qeyd olunub ki, ölkəmizin müxtəlif peşə sahələrində xeyli sayda istedadlı əlilliyi olan şəxslər fəaliyyət göstərir. 

Daha sonra məlumat verilib ki, əlilliyi olan insanların peşə bacarıqlarına yiyələnmələri, mövcud potensiallarını inkişaf etdirmələri və bacarıqlarını cəmiyyətə təqdim etmələri sahəsində daha çox geniş miqyaslı və səmərəli işlərin görülməsinə, istedadlı insanların mövcud potensialları istiqamətində məşğulluğunun artırılmasına ehtiyac var. Nazir müavini Abilimpiya hərəkatını əlilliyi olan şəxslərin peşə bacarıqlarının inkişaf etdirilməsində, peşəkar mütəxəssislərin formalaşmasında, peşə standartlarının hazırlanması, təcrübə mübadiləsinin aparılmasında mühüm rol oynadığını qeyd edərək Təhsil Nazirliyinin nəzdində olan peşə təhsili müəssisələrinin və bu müəssisələrdə təhsil alan əlilliyi olan şəxslərin Abilimpiya peşə yarışmalarında aktiv iştirakını zəruri olduğunu bildirib.

Rusiya Federasiyası Milli Abilimpiya Mərkəzinin rəhbəri İqor Qribanov, öz növbəsində, Abilimpiya hərəkatının tarixçəsi və bu çərçivədə Rusiya Federasiyası ərazisində həyata keçirilən tədbirlər haqqında məlumat verib. İqor Qribanov ölkəmizdə Abilimpiya hərəkatının inkişafında Azərbaycan Respublikası Təhsil Nazirliyinin rolunu yüksək qiymətləndirib.

Xəbər lenti