“Regionlarda tibb heyəti üzrə kadr təminatını gücləndirmək üçün gələcəkdə paytaxtdakı tibb müəssisələrində çalışan tibb heyətinin regionlardakı tibb müəssisələrinə cəlb olunması planlaşdırılır”.
Tehsil.biz xəbər verir ki, bunu Apa-ya İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədr müavini Nigar Bayramova deyib.
O bildirib ki, bu məqsədlə Agentlik tərəfindən səhiyyə işçilərinin əməyinin ödənilməsi qaydasına dəyişiklik edilərək regionlara çalışmağa gedən tibb heyətinə əlavə məvaciblərin verilməsi nəzərdə tutulub: “Əsas məqsəd regionlarda vətəndaşlara keyfiyyətli tibbi xidmətlərin göstərilməsini və tibbi xidmətlərə əlçatanlığı təmin etməkdir. Həmçinin bu tədbir ixtisaslı həkimlərin öz sahələri üzrə məlumat mübadiləsi aparmaqlarına, əldə olunan təcrübələr nəticəsində bilik və bacarıqlarını artırmaqlarına imkan yaradacaq".
N. Bayramova deyib ki, kadr təminatını yaxşılaşdırmaq üçün “Tibb müəssisələrində kadr potensialının gücləndirilməsi Proqramı” icra olunacaq: "Proqram çərçivəsində 3 layihənin həyata keçirilməsi planlaşdırılır. Bunlar xaricdə təhsil almış həkimləri ölkədə çalışmağa cəlb etmək, baş tibb bacılarının bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə xarici ölkələrdə təcrübə keçməklərini təmin etmək və biomedikal mütəxəssislər hazırlamaqla bağlıdır".