Logo

BDU-da "Ələsgərəm, hər elmdən halıyam..." adlı ədəbi-bədii gecə keçirilib - Fotolar

07.12.2021 18:57 972 baxış
IMG

Bu il Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, böyük saz və söz ustadı Aşıq Ələsgərin anadan olmasının 200 illiyi qeyd olunur.

Sənətkarın yubileyinin ölkə miqyasında geniş qeyd edilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müvafiq Sərəncam imzalamışdır. Sərəncamdan irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində mühüm işlər görülür. Bu mənada, Bakı Dövlət Universitetinin (BDU) indiyədək reallaşdırdığı layihələr xüsusi qeyd olunmalıdır. Universitetin 2021-ci il üzrə tədbirlər planına uyğun olaraq bu gün növbəti tədbir - Mədəniyyət-yaradıcılıq Mərkəzi və Kitabxanaçılıq-informasiya fakültəsinin təşkilatçılığı ilə "Ələsgərəm, hər elmdən halıyam..." adlı ədəbi-bədii gecə keçirilib.

BDU-nun Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev çıxış edərək Aşıq Ələsgərin 200 illik yubileyinin ölkəmizdə geniş qeyd edilməsi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncam imzalamasını Aşıq Ələsgər yaradığıcılığına və bütövlükdə aşıq sənətinə verilən yüksək qiymətin və dövlət qayğısının bariz nümunəsi olduğunu deyib. BDU-da Aşıq Ələsgərin 200 illik yubileyi ilə əlaqədar keçirilmiş tədbirlər haqqında məlumat verib.

Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı, Milli Məclisin üzvü Naqif Həmzəyev Aşıq Ələsgər sazının və sözünün qüdrətindən, yubileylə bağlı həyata keçirilən tədbirlərdən söz açıb, yubiley tədbirlərinin ilin sonunadək davam edəcəyini, Bakıda Aşıq Ələsgərin abidəsinin ucaldılacağını bildiriblər.

Tədbir BDU-nun Mədəniyyət-yaradıcılıq Mərkəzinin təqdimatında bədii hissə ilə davam edib. Əməkdar mədəniyyət işçisi Ədalət Dəlidağlı, xanəndə, Azərbaycan Dövlət Televiziyasının solisti Malik Həsənov, Aşıq Raminin ifasında Aşıq Ələsgərin şeirlərinə bəstələnmiş musiqi nömrələri təqdim olunub.

Sonda Aşıq Ələsgərin nəticəsi, "Dədə Ələsgər Ocağı" İctimai Birliyinin sədri  Xətai Ələsgərli böyük söz ustadının Azərbaycan aşıq sənətindəki yerindən və rolundan söhbət açıb, saz-söz sənəti ilə bağlı bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb. İctimai Birlik adından BDU-nun rektoru Elçin Babayevə Fəxri Diplom təqdim edib, Aşıq Ələsgərin şeirlərdən ibarət, yeni nəşr olunmuş kitabları Universitetə hədiyyə edib.

Xəbər lenti