Logo

ADNSU-nun rektoru Polşalı alim Janusz Kacprzyk ilə görüşüb

08.12.2021 11:26 723 baxış
IMG

Dekabrın 7-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) dəvəti ilə ölkəmizdə səfərdə olan Polşa Elmlər Akademiyasının həqiqi üzvü, ADNSU-nun fəxri doktoru, professor Janusz Kacprzyk universitetdə olub.

Qonaq əvvəlcə ADNSU-nun nəzdində yerləşən Azərbaycan-Fransız Universitetinin (UFAZ) laboratoriyalarını gəzib, tələbələrin laboratoriya dərslərini müşahidə edib və maddi-texniki baza ilə yaxından tanış olub.

Daha sonra universitetin Lazer mərkəzi, Ali riyaziyyat kafedrası, Tarix və Mineralogiya muzeyləri, həmçinin universitetin yeni avadanlıqlarla təchiz edilən müasir auditoriyaları, Azİİ e-Kitab Evi, Kapital bank otağı və Lukoil guşəsi ilə tanış olub.

Universitetlə tanışlıqdan sonra professor J.Kacprzyk ADNSU-nun rektoru, professor Mustafa Babanlı ilə görüşüb. Qonağı salamladıqdan sonra rektor, professor M.Babanlı universitetin tarixi, tədris olunan ixtisaslar, tanınmış məzunlar, beynəlxalq əməkdaşlıq əlaqələri, yeni layihələr,  universitetdə aparılan elmi araşdırlmalar həmçinin UFAZ haqqında qonağa ətraflı məlumat verib.

Universitetdə olmaqdan məmnun olduğunu deyən professor J.Kacprzyk rektor, professor M.Babanlıya səmimi qarşılanma və görüşə görə təşəkkürünü bildirib. ADNSU-da yaradılan yüksək səviyyəli tədris prosesi, dərs otaqları və laboratooriyaları yüksək qiymətləndirdiyini deyən professor J.Kacprzyk elmi araşdırmaların aparılması, xüsusən də süni intellekt sahəsində elmi işlərin həyata keçirilməsi üçün kifayət qədər geniş imkanlar olduğunu qeyd edib. Təmsil etdiyi ölkənin ali təhsil müəssisələri ilə ADNSU arasında elmi əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinin əhəmiyyətindən danışan professor J.Kacprzyk bu sahədə inkişafa nail olmaq üçün yeni layihələrin həyata keçirilməsinin vacib olduğunu deyib.

Görüşün sonunda qonağa xatirə hədiyyələri təqdim edilib.

Xəbər lenti