Vüsal Kərimov Bakı Ali Neft Məktəbinin (BANM) Neft-qaz mühəndisliyi ixtisasının bakalavr səviyyəsi üzrə Fərqlənmə diplomu ilə bitirən məzunudur. Hazırda Ali Məktəbin Yatağın qiymətləndirilməsi və idarə olunması ixtisaslaşmasında magistratura səviyyəsi üzrə təhsilini davam etdirir. O, Dövlət İmtahan Mərkəzinin (DİM) 2021-2022-ci tədris ili üzrə ali təhsil müəssisələrinin magistratura səviyyəsinə keçirilən qəbul imtahanında ən yüksək nəticə göstərərək ölkə birincisi olub. Vüsal Kərimov, eyni zamanda BANM-in Neft-qaz mühəndisliyi kafedrasında böyük laborant vəzifəsində çalışır.
Doğma Ali Məktəbini 10 illik yubileyi münasibətilə təbrik edən BANM-in məzunu, tələbəsi və müəllimi həyatının üç mərhələsini burada yaşadığı üçün qürur duyduğunu bildirir: “6 ildir BANM-dəyəm. Ona görə də bura mənə çox əzizdir. Başda hörmətli rektorumuz Elmar müəllim olmaqla, bütün BANM ailəsini - professor-müəllim heyəti, administrativ heyət, tələbə və məzunların hamısını bu əlamətdar gün münasibətilə təbrik edirəm. BANM mənə keyfiyyətli təhsillə yanaşı, sosial aktivlik, yaxşı dostlar qazandırdı. BANM tələbələri hamısı bir-birini tanıyır, ona görə də bir-birimizə bacardığımız qədər dəstək oluruq, hər zaman əlaqə saxlayırıq. Hazırda BANM-də işləyirəm və digər tərəfdən də BANM mənə gözəl kollektiv qazandırdı”.
Vüsal Kərimov uğurlu məzun olmağın sirrini də açdı. Onun gələcəkdə müəllim olmaq istəyən tələbələrə məsləhəti də var: “ Uğurlu məzun olmağın sirri həvəsdən düşmədən çox çalışmaq və bacardıqca aktiv olmaqdır. Mən aşağı kurslardan akademik fəaliyyət barədə düşünürdüm. Ona görə də qərara gəldim ki, elə bunun üçün ən ideal yer BANM-dir. Ali Məktəb parta arxasından və parta önündən çox fərqli görünür. Parta arxasında tələbə yalnız öz məsuliyyətini daşımalıdır, auditoriyanın qarşısında müəllim isə artıq bir qrupun məsuliyyətini daşıyır. BANM tələbələrinə daim çalışmaq və heç vaxt həvəsdən düşməməyi məsləhət görürəm”.