Dini mahnıların ifaçısı Peyman Boradigahinin son klipi sosial şəbəkələrdə müzakirələrə və tənqidlərə səbəb olub.
Buna səbəb klipin sinif otağında çəkilməsi və şagirdlərin klipdə rol alması olub.
Bununla bağlı mahnının ifaçısı Peyman Boradigahi AZXEBER.COM-a açıqlamasında bildirib ki, klip icarəyə götürdükləri bir məkanda lentə alınıb:
"Klipin çəkildiyi məkan məktəb deyil. Bir məkan icarəyə götürüb oranı sinif halına salmışıq. Klipdə çəkilən uşaqlar övladım və dostlarımın uşağıdır. Biz hər zaman Allahdan, Peyğəmbərdən dini mahnılar ifa edirik və bu dəfə 12 İmam haqqında mahnımızın olmasını istədik. Məqsədimiz balaca uşaqların da onların adlarını bilməsi idi”.
O, qeyd edib ki, klipin sosial şəbəkədən silinməsinə səbəb xeyli tənqid olunmasıdır: "Klipimiz bəziləri tərəfindən sevilsə də, tənqid edənlər də çox oldu. Məhz bunu nəzərə alıb, klipi sosial şəbəkədən sildim".