SABAH qrupları Azərbaycan Texniki Universitetinin (AzTU) Radiotexnika və telekommunikasiya mühəndisliyi ixtisasının II kurs tələbəsi Əliyeva Ayla Türkiyənin Qaziantep şəhərində Azərbaycan və Türkiyə gənclərinin iştirakı ilə keçirilən “Beynəlxalq zəfər düşərgəsi”ndə iştirak edib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Gənclər Fondu, Türkiyə Respublikasının Gənclik Vəqfinin (TÜGVA) birgə təşkilatçılığı ilə baş tutan tədbirin məqsədi Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan zəfərin iki ölkənin gəncləri arasında təbliği, qardaş ölkə gənclərinin əməkdaşlığının daha da inkişaf etdirilməsi, həmçinin hər iki ölkə gəncləri arasında müxtəlif sahələrdə birgə tədbirlər və layihələrin artırılmasıdır.
Məlumat üçün bildirək ki, 19-24 oktyabr tarixlərində baş tutan düşərgə müddətində iştirakçılar iki ölkənin ortaq mədəniyyətinin öyrənilməsi, tarixi haqqında maarifləndirilməsi ilə əlaqədar müxtəlif tarixi abidələrə və turizm məkanlarına səfər edib, intellektual yarışlara və şəxsi inkişafla bağlı təlimlərə cəlb olunublar.
İştirakçılar, eyni zamanda, Naxçıvan Muxtar Respublikasının tarixi-mədəni abidələri və digər turizm məkanlarına səfər edib, Heydər Əliyev Muzeyini ziyarət edərək Ulu Öndərin irsi ilə tanış olublar.