Logo

NDU-nun Xarici dillər fakültəsində ilk dəfə “Bir günlük xəlifə” layihəsi həyata keçirilib

08.12.2021 18:28 816 baxış
IMG

Naxçıvan Dövlət Universiteti Xarici dillər fakültəsində ilk dəfə “Bir günlük xəlifə” layihəsi həyata keçirilib.

Tehsil.biz xəbər verir ki, universitetdə ilk dəfə olaraq keçirilən “Bir günlük xəlifə” layihəsi tələbələr arasında böyük marağa səbəb olub.

Layihənin şərtlərinə əsasən tələbələr bir gün ərzində fakültənin  rəhbər strukturlarını idarə edib və həmin vəzifələri icra edən tələbələrin qərarları tam hüquqi qüvvəyə malik olub. Layihə tələbələrdə özünüidarəetmə, işgüzarlıq kimi xüsusiyyətlərin inkişafında, onların peşə məsuliyyətini dərk etməsində önəmli rol oynayıb. 

Layihədən öncə seçim turunda namizədliyini irəli sürən tələbələr öz seçki platformasını bəyan edərək nə üçün tələbələrin məhz onları seçməli olduqları ilə bağlı çıxış ediblər. Səsvermə nəticəsində seçim mərhələsini uğurla keçən tələbələr müvafiq olaraq dekan, dekan müavini, tyutor, kafedra müdirləri və fənn müəllimləri vəzifələrini icra ediblər. Layihə əsasında seçilən xəlifələr kafedra müdirləri və 7 fərqli ixtisasda dərs deyən 23 müəllimin proqram və dərs cədvəllərinə əsasən dərslərində iştirak ediblər. 

Xəlifələr qarşıdan gələn imtahan sessiyası ilə bağlı iclas təşkil edərək keçirilən dərslərin gedişatına nəzarət ediblər. Fakültənin bir günlük tədris prosesi, inzibati və bir sıra işlərlə bağlı yeniliklər həyata keçirilib. Yeni təkliflərin irəli sürüldüyü “Bir günlük xəlifə” layihəsi çərçivəsində tələbələr tərəfindən “Məlumat Resurs Bazası”-nın yaradılması təklifi maraqla qarşılanıb.

Qısa zaman ərzində gerçəkləşdiriləcək layihədə fakültə daxilində yaradılacaq bazanın formalaşmasını nəzərdə tutulur.  Belə ki, onlar istifadə etmədiyi kitabları həmin bazaya təhvil verərək ehtiyacı olan tələbələrin istifadəsinə şərait yaradacaq.

Xəbər lenti