Səfər Usubov Bakı Ali Neft Məktəbinin (BANM) 2021-ci ildə Kimya mühəndisliyi ixtisasını birinciliklə bitirən və “İlin tələbəsi” adını qazanan məzunudur. O, 600-ə yaxın tələbə arasından seçilən Erasmus Mundus proqramının 10 qalibindən biridir. BANM-in məzunu 12 tanınmış xarici universitetə qəbul olub. O, ABŞ-ın 4 universitetinin birbaşa tam təqaüdlə doktorantura, 2 universitetinin isə təqaüdlə magistratura pilləsini qazanıb. Lakin Səfər Usubov Avropanı seçib. Hazırda Fransada olan və Poitiers Universitetidə (University of Poitiers) Təhsil alan Səfər Usubov daha sonra Almaniyanın Hamburg Texnologiya Universiteti (Hamburg University of Technoloy), İspaniyanın Rovira i Virgili Universiteti (University of Rovira i Virgili) və Portuqaliyanın Averio Universitetində (University of Aveiro) 2 il müddətində magistratura təhsili alacaq.
Doğma Ali Məktəbini yaranmasının 10 illiyi münasibətilə təbrik edən uğurlu məzun təəssüratlarını bölüşüb: “BANM Azərbaycanın ən prespektivli ali məktəblərindən biridir. Mühəndislik sahəsində ən yüksək səviyyəli ali məktəbdir. Bakı Ali Neft Məktəbi təhsil sahəsində artıq bir brenddir. BANM heç bir təcrübəsi olmayan, sadəcə texniki və fənn bilikləri olan şagirdi bir çox bacarıqları olan peşəkar mühəndis kimi cəmiyyətə təqdim edir. Bu yolda başda rektor Elmar Qasımov olmaqla, Ali Məktəbin bütün professor-müəllim heyəti və adminstrativ işçiləri tələbələrə dəstək olur. BANM-in 10 il ərzində qazandığı uğurun sirri düzgün planlama aparmasıdır. Məhz düzgün planlama, yüksək səviyyəli təhsil sayəsində BANM-in məzunları dünyanın nüfuzlu ali məktəblərində təhsillərini davam etdirir və qlobal şirkətlərdə çalışırlar. BANM Qafqaz regionunda ən güclü ali məktəbdir və dünya səviyyəli ali məktəblərlə rəqabət səviyyəsindədir”.
Bakı Ali Neft Məktəbinə qəbul olmağı uğurunun başlanğıcı hesab edən Səfər Usubov bu Ali Məktəbin insanın həyatını formalaşdırdığını deyir: “Mən rayondan gəlmiş, sadə bir ailədə böyümüş şagird idim. BANM mənə işıq oldu və olduğum yerdən yüksəklərə qaldırdı. BANM-in təhsil aldığım 5 il müddətində həyatımı necə formalaşdırdığını hazırda Avropanın ən nüfuzlu universitetlərindən birində təhsil almağım, qazandığım təqaüd proqramları, üzümə açılan iş imkanlarından bilmək olar. Bunlarla yanaşı, BANM mənə gözəl dostluqlar qazandırdı. Hazırda onlar dünyanın müxtəlif ölkələrindədirlər, lakin buna baxmayaraq biz əlaqə saxlayırıq. BANM yalnız elm sahəsində deyil, həm də həyat baxımından bizə dəstək oldu, çox şey öyrətdi”.