Dekabrın 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Quba regional mərkəzi və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) respublikanın şimal bölgəsində fəaliyyət göstərən qazılıqlarının birgə təşkilatçılığı ilə “Səmavi dinlərdə insan haqları” mövzusunda vebinar keçirilib.
Tehsil.biz xəbər verir ki, vebinarda DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev, Ombudsmanın regional mərkəzinin direktoru Bəhruz Əfəndiyev, QMİ-nin şimal bölgəsində fəaliyyət göstərən din xadimləri, vebinarın təlimçisi qismində isə Azərbaycan İlahiyyat İnstitunun Dillər və ictimai fənlər kafedrasının müəllimi, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Məmmədəli Babaşlı iştirak edib.
Tədbirə DQİDK-nin Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev, İnsan Hüquqları üzrə Müvəkkilin Quba regional mərkəzinin direktoru Bəhruz Əfəndiyev və Azərbaycan İlahiyyat İnstitunun müəllimi Məmmədəli Babaşlı çıxış edərək mövzu ilə bağlı fikirlərini bildiriblər. Vurğulanıb ki, insan hüquqları məsələsi bütün dinlər üçün eyni səciyyə daşıyır. O da qeyd olunub ki, İslam dininə görə insanlar azad doğulurlar və hüquqi baxımdan hamı bərabərdir.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.