Sinqapur 1965-ci ildə Malayziyadan müstəqilliyini qazandığı zaman məhdud təbii sərvətə malik, Asiyanın ən yoxsul ölkələrindən biri idi.
Sinqapurda yalnız elit təbəqənin təhsili vardı və əhalinin yarısı oxuma-yazma bilmirdi. Bəs bu ölkə necə dünyanın ən böyük ticarət mərkəzlərindən birinə çevrilə bildi? Ölkəni inkişaf etdirmək üçün yeganə təbii resursu onun insanları idi.
Bugün Sinqapurun təhsil sistemi dünyada ən yaxşısı hesab edilir. Xüsusilə sinqapurlu şagirdlər riyaziyyat üzrə bir çox inkişaf etmiş ölkələrdən daha öndədirlər.. Sinqapur məktəblərinin məzunları dünyanın ən yaxşı universitetlərində təhsilini davam etdirirlər.
Sinqapurda əsasən, şagirdlərin riyazi təfəkkürünün inkişafına çalışırlar. Bu ölkənin məktəblərində çox böyük intizam, eyni zamanda, zəhmət tələb edən sərt təhsil hökm sürür.
Sinqapurda şagirdlərə ev tapşırıqları verilərkən, kəmiyyətə deyil, keyfiyyətə önəm verilir və şagirdlərdə araşdırma, tədqiqat aparma bacarıının formalaşdırılmasına çalışılır.
Müəllimlərin maddi rifahı
Müəllimlərin orta başlanğıc maaşı ayda 1600-3500 dollar arası dəyişir. Onlar əlavə dərslər və fəaliyyət mükafatları da alırlar. Sinqapur bundan başqa büdcəsinin 20 faizini təhsilə ayırır. Həmin vəsait “müasir texnologiyalara, laboratoriyaların inkişafına və mükəmməl dərs vəsaitlərinə sərf edilir.
Sinqapur təhsilində mübahisəli məqamlar
Mükəmməllik axtarışının da mənfi tərəfləri var: stress və narahatlıqdan təsirlənən uşaqların sayında artım hiss edilir. Bu vəziyyət gənclər arasında intihar nisbətini artırır. Ölkədə 10-29 yaşındakıların başlıca ölüm səbəbləri intihardır.
Hökumət əvvəlki illərdə təhsil sisteminin tələbələrə təzyiq göstərdiyini qəbul edib. İnformasiya naziri Ong Ye Kung “Sistemin şagirdlərə çox əziyyət verməyəcəyi şəkildə inkişaf etməsini təmin edəcəyik” deyib. Bundan başqa nazir şagirdlərdən bir-birilərinin əqli sağlamlığını yaxından müşahidə etmələrini istəyib.
Xülasə
Bugünkü gündə Sinqapur dünyanın ən yaxşı təhsil sisteminə malik olan ölkəsidir. Əhalinin 95,4%-i təhsillidir. Sinqapur bir çox ölkəyə təhsilə verilən önəm baxımından nümunə ola bilər.
Azərbaycan əhalinin oxuma-yazma savadlılığı baxımından dünyada ən ön sıralardadır. Ancaq bu, əhalinin ümumilikdə təhsil səviyyəsinin yüksək olması demək deyil. Əsas məsələ keyfiyyətli təhsilin alınması, dünya görüşünün formalaşdırılması və yüksək ali təhsilin önəminin dərk edilməsindədir.
Azərbaycanın gələcək inkişafında ən önəmli rolu təhsil oynayacaqdır. Tükənən maddi resurslar bir ölkənin gələcəyinin təminatı ola bilməz. Azərbaycanın inkişafı və dünyada layiqli mövqe tuta bilməsi yalnız və yalnız təhsil səviyyəsinin yüksəldilməsindən və gənclərin elmə olan marağının, həvəsinin artırılmasından asılıdır.