İstanbul şəhərində Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin vəfatının 18-ci ildönümü ilə əlaqədar Anım Günü keçirilib.
Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) üzv-təşkilatı olan İstanbul-Azərbaycan Dostluq Dərnəyinin təşkilatçılıgı ilə baş tutan tədbirdə TADEF sədr müavini Pərviz Məmmədzadə, “VƏFA” Beynəlxalq Humanitar Yardım Təşkilatının sədri Musab Aydın, Dünya Azərbaycanlıları Yazarlar və Media Dərnəyinin sədri Kəbutər Haqverdi, "4 Ünsür" Dərnəyinin sədri Vəfa Aktüz, Mübariz İbrahimov adına Azərbaycan məktəbinin direktoru Məhsəti Şərif, məktəbin müəllim-şagird heyəti, Türkiyə Bosna Sancaq Dərnəyinin və bir sıra qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
Azərbaycan və Türkiyənin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan anım tədbirində İstanbul-Azərbaycan Dostluq Dərnəyinin sədri Hülya Agasoy və “VƏFA” Beynəlxalq Humanitar Təşkilatının sədri Musab Aydın çıxış ediblər. Onlar ulu öndər Heydər Əliyevin çağdaş Azərbaycan dövlətinin tarixindəki misilsiz və müstəsna xidmətlərindən, dövlətlərimiz arasında qardaşlıq və dostluq münasibətlərinin inkişafında rolundan, onun əziz xatirəsinin hər zaman xalqımızın və türk dünyasının qəlbində yaşayacağından, Türkiyə və Azərbaycanın dostluq və qardaşlığının əbədi və sarsılmaz oldugundan danışıblar.
Sonra “VƏFA” Beynəlxalq Təşkilatının adından qış tətilinin başlaması münasibətilə 150 azərbaycanlı şagirdə hədiyyələr təqdim edilib. Qeyd edək ki, bu kampanya bazar gününədək davam edəcək.