Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məktəbəqədər təhsil müəssisələrindəki əsas nöqsanları açıqlayıb.
Tehsil.biz-in məlumatına görə, Qda Təhlükəsizliyi Agentliyinin əməkdaşı Şəhla Yusifzadə qurumun “Facebook” səhifəsindəki canlı yayımda bildirib ki, məktəbəqədər təhsil müəssisələrində tərtib olunmuş gündəlik menyular və orada əksini tapan qida rasionu uşaqların yaş qrupuna uyğun fizioloji normalara uyğun qarşılanmır:
“Yəni, gün ərzində uşağa tələb olunan qidalı maddələr, eyni zamanda kalori çatdırılmır. Nazirlər Kabineti tərəfindən 1994-cü il 9 mart tarixində qəbul olunmuş 103 saylı qərarın 2 və 3-cü əlavələri yaş qrupuna uyğun olaraq 4-6 yaş və 1 yaşdan 4 yaşa qədər olan uşaqların 1 sutka ərzində ərzaq normalarına tələbatını özündə ehtiva edən normativ sənəddir. Orada qeyd olunub ki, mütləq şəkildə menyular tərtib və təsdiq olunarkən birmənalı həmin qərarın 2 və 3 əlavələrinə istinad etmək, orada olan ərzaq siyahısına və hər bir uşaq üçün gün ərzində düşən normalara riayət etmək lazımdır. Çox təəssüf ki, birmənalı olaraq həmin menyularda normalardan kənaraçıxmalar olur. Bunun da nəticəsində uşaqların fizioloji normalara uyğun gündəlik kalori tələbatı təmin olunmur”.