Logo

BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsində “Qətl günü” romanının müzakirəsi keçirilib

05.12.2020 18:00 598 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsində xalq yazıçısı Yusif Səmədoğlunun “Qətl günü” romanının müzakirəsi keçirilib.

 

Tehsil.biz xəbər verir ki, onlayn tədbiri giriş sözü ilə açan Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı vəzifəsini icra edən Ələmdar Bayramov iştirakçıları Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun qazandığı parlaq qələbələr münasibətilə təbrik edib, sonra torpaqlarımız uğrunda canlarını fəda edən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

 

Ə.Bayramov bildirib ki, Bakı Dövlət Universiteti yüksəkixtisaslı kadr hazırlığı ilə yanaşı milli ruhlu vətəndaş yetişdirməyi də özünün əsas məqsədi hesab edir. Ona görə də bu cür tədbirlərin, kitab müzakirələrinin keçirliməsi tələbələrdə milli ruhun formalaşması baxımından mühüm əhəmiyyət daşıyır. O, Yusif Səmədoğlunun yaradıcılığını, eləcə də bu gün müzakirəyə çıxarılan “Qətl günü” romanını nəsrimizdə yeni mərhələ adlandırıb. Eyni zamanda Ulu Öndərimiz Heydər Əliyevin şairlərə, yazıçılara olan diqqət və qayğısından bəhs edib.

 

Tədbirdə Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, ədəbiyyatşünas Əsəd Cahangir Yusif Səmədoğlunun yaradıcılığı, həmçinin “Qətl günü” romanı ilə bağlı geniş məruzə ilə çıxış edib, əsərin məziyyətləri haqqında maraqlı məlumatlar verib.

 

Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri Knyaz Aslan əsər haqqında geniş məlumat verib, hazırda bu kimi əsərlərin təbliğinə çox böyük ehtiyacın olduğunu vurgulayıb. Hər iki məruzə iştirakçılar tərəfindən maraqla dinlənilib.

 

Tələbələr adından çıxış edən, fakültənin Tələbə Gənclər Təşkilatının sədri Aysun Quliyeva tədbirin keçirilməsinə şərait yaratdıqlarına görə Universitet rəhbərliyinə, eyni zamanda maraqlı çıxışlara görə məruzəçilərə təşəkkürünü bildirib.

 

Sonda BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov çıxış edərək bir daha tədbir iştirakçılarını qazandığımız parlaq qələbələr münasibətilə təbrik edib, eyni zamanda bu günkü tədbirin xüsusi əhəmiyyətindən bəhs edib.

 

Microsoft Teams platforması üzərindən təşkil olunan tədbir tələbələrin çoxsaylı sualların cavablandırılması ilə başa çatıb.

Xəbər lenti