Türkiyənin Antalya şəhərində 12-ci Beynəlxalq Sterilizasiya və Dezinfeksiya konfransı keçirilir. Tədbir Türkiyənin Dezinfeksiya Antiseptika Sterilizasiya (DAS) təşkilatı və Azərbaycan Dezinfeksiya, Antiseptika və Sterilizasiya Assosiasiyasının (AZDAS) birgə təşkilatçılığı ilə baş tutur.
Bir sıra xarici dövlətlərin peşəkar həkim-infeksionistləri, epidemioloqlar, mikrobioloqlar, ictimai səhiyyə mütəxəssisləri və alimlərinin iştirak etdiyi tədbirə Azərbaycandan da geniş nümayəndə heyəti qatılıb. Konfransda Səhiyyə nazirinin müavini Viktor Qasımov, Azərbaycan Dezinfeksiya, Antiseptika və Sterilizasiya Assosiasiyasının (AZDAS) sədri Yusuf Ceyhan, TƏBİB-infeksion xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri və AZDAS-İB idarə heyətinin üzvü Yaqut Qarayeva ilə yanaşı, ATU-nun Tədris Cərrahiyyə Klinikasının Neyrocərrahiyyə şöbəsinin böyük tibb bacısı Leyli Rzayeva da iştirak edir.
AZDAS idarə heyəti üzvlərinin, Facet İNDX mütəxəssislərinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və Azərbaycanın bir çox xəstəxanalarının nümayəndəsinin iştirak etdiyi konfrans üç gün davam edəcək. Simpoziumda COVİD-19-la bağlı situasiya, antibiotiklərə davamlılıq, bakterial və parazitar infeksiyalar, vərəm, hepatitlər, sterilizasiya, dezinfeksiya, infeksion xəstəliklərdən qorunma mövzularında müzakirələr aparılacaq.