Vətəndaş 9 yaşlı uşağı üçün verilən pensiyanın kəsilməsindən şikayətçidir.
İmişlinin Qaralar kənd sakini Zülfiyyə Ağayeva ona təyin olunan sosial müavinətin və mikrosefaliya və əqli gerilik diaqnozu qoyularaq əlillik pensiyası alan oğlu Hüseyn Məmmədliyə verilən pensiyasının kəsilməsindən şikayətçidir.
Hazırda üç azyaşlı övladı ilə uçuq-sökük evdə yaşayan Zülfiyyə Ağayeva qeyd edir ki, himayəsində birinci evliliyindən olan iki övladı – 9 yaşlı Hüseyn Məmmədli və onun bacısı 7 yaşlı Fatimə Məmmədli, ikinci evliliyindən isə 3 yaşlı oğlu Ümid Ağayev var.
Hər iki evlilikdən rəsmi formada boşanan Zülfiyyə Ağayeva heç bir aliment almadığını və övladlarını özü böyütmək məcburiyyətində olduğunu bildirir.
9 yaşlı Hüseyn Məmmədli görmə və nitq məhdudiyyəti olduğundan ona təyin edilmiş əlillik dərəcəsinə uyğun olaraq 2016-cı ildən pensiya almağa başlayıb.
Daha sonra isə Zülfiyyə Ağayeva ƏƏSMN-ə müraciət edərək sosial müavinət almağa başlayıb. Lakin onun aldığı müavinət 2020-ci ilin iyulunda sənədlərdə saxtalıq olduğu və vətəndaşın adına pay torpağın olması səbəbi ilə dayandırılıb.
Bundan əlavə, oğluna təyin olunan pensiya da dayandırılıb. Artıq bir ildən çoxdur ki, onlara təyin olunan müavinətlərin bərpası üçün Zülfiyyə Ağayevanın müraciət etmədiyi ünvan qalmayıb.
O qeyd edib ki, artıq övladlarının tələbatlarını ödəməkdə çətinlik çəkir. Bundan əlavə, danışma və görmə əngəlli olan Hüseynin də müalicələri yarımçıq qalıb.
Ətraflı Baku TV-nin süjetində: