Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru professor Gülçöhrə Məmmədova Türkiyənin nüfuzlu universitetlərində işgüzar görüşlərdə iştirak edib, ali təhsil müəssisələrinin rəhbərləri ilə görüşüb.
AzMİU-dan bildirilib ki, görüşlərdə Türkiyə universitetləri ilə ikitərəfli əlaqələrin daha da genişləndirilməsi, hər iki tərəf üçün faydalı olması istiqamətində yeni hədəflər müzakirə olunub.
Ankara Universitetinin rektoru professor Necdet Ünüvarla görüşdə bu günlərdə AzMİU ilə Ankara Universiteti arasında bağlanmış əməkdaşlıq müqaviləsinin perspektivlərinə toxunulub, əlaqələrin genişləndirilməsi üçün görüləcək işlərdən söz açılıb, gələcəkdə ikili diplom layihələrinin həyata keçirilməsinin mümkünlüyündən danışılıb.
Hacettepe Universitetinin rektoru professor Mehmet Cahit Güranla görüşdə də rektorlar ikitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün gələcəkdə hansı istiqamətlərdə işlər apara biləcəkləri barədə fikirlərini bölüşüblər. Gülçöhrə Məmmədova Türkiyə universitetləri ilə AzMİU arasında əməkdaşlığın genişləndirilməsi üçün səylərin artırılmasının vacibliyini vurğulayıb. Görüşdə AzMİU ilə Hacettepe Universiteti arasında təhsil sahəsində əməkdaşlıq perspektivləri, müəllim-tələbə mübadiləsi, kitab, elmi nəşrlər və oxşar materialların qarşılıqlı mübadiləsi, birgə tədqiqat layihələri və elmi yığıncaqların keçirilməsinə dair müzakirə aparılıb.