Logo

ADNSU-da keçirilən “Açıq mikrofon”da tələbələrin sualları cavablandırılıb

13.12.2021 16:33 766 baxış
IMG

Dekabrın 11-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Açıq mikrofon” keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə faktiki iştirak edən tələbə və müəllimlərlə yanaşı, “Açıq mikrofon” universitetin Akt zalından həm də facebook üzərindən birbaşa canlı yayımlanıb və yüzlərlə tələbə onlayn olaraq tədbirə qoşulub.

Ulu öndər Heydər Əliyevin anım günü ərəfəsində baş tutan “Açıq mikrofon”da Vətən uğurunda şəhid olan igidlərimzin və ümummilli lider Heydər Əliyevin ruhu bir dəqiqəlik sükutla yad edilib.

ADNSU-nun rektoru, professor Mustafa Babanlı geniş məruzə ilə çıxış edərək müəllim və tələbələrə universitetdə təhsil və tədrisin vəziyyəti, qış imtahan sessiyasına hazırlıq, ikili və daha çox diplom proqramları, akkreditasiya olunacaq ixtisaslar haqqında məlumat verib, əldə olunmuş uğurlar, qarşıdakı hədəflər və görüləcək işlər haqqında danışıb. Həmçinin, Təhsil Tələbə Kreditindən söz açan rektor bu istiqamətdə işlərin yekunlaşma ərəfəsində olduğunu deyib və bu sistemin tələbələr üçün əhəmiyyətli olduğunu bildirib. O, qeyd edib ki, dünyanın bir çox yerlərində Təhsil Tələbə Krediti geniş yayılmış sistemdir və bizdə də bunun tətbiq olunması xüsusilə tələbələr üçün yeni imkanlar açacaq.

“Açıq mikrofon”da həmçinin, müəllim və tələbələrin sağlamlığının önəmindən danışan rektor Mustafa Babanlı universitetdə pandemiya ilə bağlı qabaqlayıcı tədbirlərin görüldüyünü və mövcud vəziyyətə uyğun olaraq tədrisin qənaətbəxş olduğunu bildirib.

Sonra “Açıq mikrofon”da dekabrın 23-də onlayn formatda keçiriləcək XI Məzun-Karyera Sərgisi haqqında universitetin İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin direktoru Bəhruz Nəzərov məlumat verib. O, şirkətlər, dövlət və özəl qrumlarla əməkdaşlıqdan, ADNSU-nun tələbə və məzunlarının təcrübəyə və real işlərə cəlb olunmasında Məzun-Karyera sərgisinin əhəmiyyətindən danışıb.

Rektor Mustafa Babanlı tədbirin gedişatında ənənəvi olaraq həm onlayn qoşulan, həm də zalda əyləşən tələbələrin suallarını cavablandırıb. O, çatışmazlıqlar haqqında irad və təkliflərini bildirib, həlli vacib olan məsələlərin icra olunması istiqamətində göstərişlər verib. Rektor “Açıq mikrofon”da aktiv iştiraka görə xüsusilə tələbələrə təşəkkür edib və qeyd edib ki, onlarla birlikdə universitetimizdə təhsilin və tədrisin səviyyəsinin  daha da yüksəlməsinə nail olacağıq.

Xəbər lenti