Logo

DİM: Daxili müsahibələrin keçirilmə qrafiki müəyyən edilib

13.12.2021 17:44 819 baxış
IMG

16 noyabr 2021-ci il tarixində elan edilmiş daxili müsahibələrin keçirilmə qrafiki müəyyən edilib.

Tehsil.biz xəbər verir ki, elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçmiş 131 namizəddən 130-nun müsahibədə iştirakına razılıq verilib.

Ən yüksək müsabiqə vəziyyəti Maliyyə Nazirliyi, Dövlət Aparatının maliyyəsi şöbəsi, Rəhbərlik, şöbə müdiri (1 vakant yer üzrə 10 namizəd), Diasporla İş üzrə Dövlət Komitəsi, Diasporla İş üzrə Dövlət Komitəsinin Aparatı, Rəhbərlik, dövlət orqanı rəhbərinin köməkçisi (1 vakant yer üzrə 8 nəfər) vəzifələri üzrə yaranıb.

Müsahibələrin 2021-ci il dekabrın 17-dən 2022-ci il yanvarın 17-dək olan dövrdə keçirilməsi planlaşdırılır.

Müsahibədə iştirak üçün qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərlər.

Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün Dövlət İmtahan Mərkəzi və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Mərkəz namizədlərin diqqətinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır.

Namizəd müsahibə keçirilmə tarixindən bir gün əvvəl saat 10:00-dək müsahibələrin keçirilmə qrafikində şəxsi kabinetinin nömrəsini seçib açılan müraciət formasında "İMTİNA" düyməsini basmaqla müsahibədə iştirakdan imtina edə bilər.

Müsahibədə üzrlü səbəblərdən iştirak etməyən namizədlə həmin vakant vəzifə üzrə (elan edilmiş cari müsahibə üzrə) yeni müsahibənin təşkili yalnız müvafiq təsdiqedici sənəd nəzərə alınmaqla həyata keçirilə bilər.

Namizədlərdən müsahibənin başlanma vaxtından ən azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur.

Xəbər lenti