Dekabrın 13-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Ufa Dövlət Neft Texniki Universitetinin (UDNTU) nümayəndə heyəti ilə görüş keçirilib.
Tehsil.biz xəbər verir ki, görüşdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, prorektorlar, universitetin professor müəllim heyəti, tələbələr və qonaqlar iştirak ediblər.
Qonaqları universitetdə salamlayan rektor, professor M.Babanlı ADNSU-da tədris, fəxri məzunlar, ingilis dilli ixtisaslar, Azİİ İt Club, Lazer mərkəzi, HPC mərkəz, Azİİ e-Kitab evi, həmçinin beynəlxalq əməkdaşlıq, ikili proqramlar, sənaye müəssisələri ilə əlaqələr və UFAZ haqqında video təqdimatla çıxış edərək, iştirakçılara ətraflı məlumat verib.
Görüşdə həmçinin birgə layihələrin əhəmiyyəti, tələbələrin birbaşa əlaqələrinin genişləndirilməsi və ikili proqramların təkmilləşdirilməsi məsələləri müzakirə olunub.
Sonra UDNTU tərəfindən Rusiya-Azərbaycan Universitetləri Assosiasiyası çərçivəsində “Şah-dəniz yatağının geoloji strukturu və neft-qaz perspektivliliyi” mövzusunda ADNSU-nun bir qrup tələbəsi fəxri fərmanla təltif olunub.
Daha sonra stajkeçmədə iştirak edən UDNTU-nun nümayəndələrinə ADNSU-nun sertifikatları və hədiyyələr təqdim edilib.