Dekabrın 10-da Azərbaycan-Fransız Universitetində Bakı şəhərinin orta məktəb və liseylərinin iştirakı ilə Yer elmlərinə həsr olunmuş bilik yarışması təşkil olunub.
Tehsil.biz xəbər verir ki, yarışmada Tahir Həsənov adına 23 saylı tam orta məktəb, Heydər Əliyev adına Müasir Təhsil Kompleksi və Baku Modern School məktəbinin şagirdləri iştirak edib.
Məktəbliləri və onları müşayiət edən müəllimləri salamlayan UFAZ-ın icraçı direktoru Vazeh Əskərov və baş katibi Elizaveta Bydanova onlara universitet barədə ətraflı məlumat verib. Daha sonra şagirdlər UFAZ-ın kimya və fizika laboratoriyalarına baş çəkiblər.
Şagirdlərdə Yer elmləri ixtisasına maraq yaratmaq məqsədi ilə təşkil olunmuş bilik yarışmasını UFAZ-ın Earth Science Club-u təşkil edib. Klub universitetdə dərsdənkənar fəaliyyətlər və sahə ekskursiyalarının təşkil edilməsində fəal rol oynayır.
3 raundlu yarışmanı Heydər Əliyev adına MTK-nın şagirdləri qazanıb. Sonda qaliblərə və iştirakçılara xatirə hədiyyələri və sertifikatlar təqdim olunub. Qalib komanda həm də dekabrın 17-də UFAZ-da təşkil olunacaq Earth Science Mixer tədbirinə və 2022-ci ildə planlaşdırılan sahə ekskursiyasına dəvət alacaq.