Logo

Qazi Universitetinin professoru AzTU-da seminar keçib

14.12.2021 18:18 486 baxış
IMG

Türkiyənin Qazi Universitetinin Texnologiya fakültəsinin professoru Seyhan Fırat Azərbaycan Texniki Universitetində (AzTU) “Layihələrin idarəolunması təcrübəsi: Erasmus+ layihələri yeni üfüqlər” mövzusunda seminar keçib.

Tehsil.biz xəbər verir ki, seminarda universitetin fakültə, kafedra və institutların rəhbərləri, həmçinin əməkdaşları da iştirak edib.

Seminarda “Erasmus+ 2021-2027-ci illər” proqramının növbəti illərdəki hədəfləri barədə məlumat verilib. Həmçinin  proqram çərçivəsində layihə və birgə təkliflərin hazırlanması qaydaları,  komanda işinin təşkilində qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunub.

Professor Seyhan Fırat insanların elm, təhsil, gənclər və idman sahələrində ömürboyu öyrənməsinə nail olmaq üçün Avropa və onun hüdudlarından kənarda mövcud təcrübənin öyrənilməsinin vacibliyini qeyd edib.

Bildirib ki, “Erasmus+ 2021-2027-ci illər” proqramının təklif etdiyi istiqamətlərə iqlim dəyişikliyi ilə mübarizə, yaşıl enerji, süni intellekt, robototexnika, “big data” analitikası, rəqəmsal bacarıq və səriştələrin inkişaf etdirilməsi, müəllimlərin rəqəmsal bacarıqlarının artırılması, STEM yanaşmaları, inklüzivlik və s. daxildir.

Qeyd edək ki, professor Seyhan Fırat 2002-ci ildən Avropa Birliyi ilə əməkdaşlıq çərçivəsində Türkiyədə fəal iş aparan layihə koordinatorlarından biridir.

O, BAP, DPT, TÜBİTAK da daxil olmaqla, ümumi büdcəsi 30 milyon avrodan çox olan layihələrin həyata keçirilməsinə rəhbərlik edib.

Seminarın sonunda iştirakçıların sualları cavablandırılıb.

Xəbər lenti