Logo

Ufa Dövlət Neft Texniki Universitetinin nümayəndələri SDU-da

14.12.2021 19:03 633 baxış
IMG

Dekabrın 14-də Rusiya-Azərbaycan Universitetləri Assosiasiyasının fəaliyyəti çərçivəsində təhsil və elm sahəsində, o cümlədən birgə elmi-praktik konfranslar, tələbə və müəllimlərin akademik mobilliyi, nümayəndə heyətlərinin mübadiləsi, təntənəli tədbirlərdə iştirak və s. kimi sahələrdə ikitərəfli əməkdaşlığı daha da inkişaf etdirmək məqsədi ilə UDNTU-nun nümayəndə heyəti Sumqayıt Dövlət Universitetində oldular.

UDNTU-dan gələn 15 nəfərdən ibarət işçi qrupunun tərkibi Tələbə qəbulunun təşkili və peşəyönümlü fəaliyyət üzrə prorektor Karetnikov Denis Vladimiroviç, Ufa Dövlət Neft Texniki Universitetinin Salavat şəhərindəki filialının direktoru Luneva Natalya Nikolaevna, Xarici əlaqələr şöbəsinin müdiri Qreb Andrey Vladimiroviç, distant təhsil fakültəsinin dekanı Almuxametov Azat Axatoviç, Dağ-neft fakültəsinin dekanı Yangirov Farit Nailoviç, Texnologiya fakültəsinin dekanı Vildanov Fərxad Şamileviç, Neft-kimya və neft emalı müəssisələri üçün avadanlıq kafedrasının müdiri, dosent Xasanov Ramil Qarifuloviç (Salavat filialı), Ufa Dövlət Neft Texniki Universitetinin Salavat şəhərindəki filialının direktor müavini Evdokimova Natalya Georgievna, Neft-kimya və neft emalı müəssisələri üçün avadanlıq kafedrasının dosenti Qaziyev Radik Raşitoviç, Mikrobioloji istehsalın biokimyası və texnologiyası kafedrasının dosenti Zaynaşev Albert Timerbaeviç, Qaz kimyası və kimyəvi texnoloji proseslərin modelləşdirilməsi kafedrasının müəllimi Zəkiyev Azat Rafaileviç, Neft və qaz quyularının qazılması kafedrasının assistenti Zhorzhe Vieira Alena Vadimovna və doktorant (İnformasiya və Sosial Texnologiyalar Ali Məktəbi, UDNTU) Jirnova Evgeniya Dmitrievnadan ibarət idi.

Öncə Rektor professor Elxan Hüseynovla qonaqların SDU-nun Heydər Əliyev mərkəzində görüşü təşkil olundu. Rektor qonaqları salamlayaraq, onları universitetimizdə görməkdən məmnunluğunu ifadə etdi. Nümayəndə heyəti üzvləri ilə tanışlıq olduqdan sonra universitetlər arasında ikitərəfli əməkdaşlığın mövcud vəziyyətindən və perspektivlərindən danışdı.

Elm və təhsil sahəsində universitetlərin əməkdaşlığının yüksəlməsinə xidmət göstərən Rusiya – Azərbaycan Universitetləri Assosiasiyası, həm də ölkələrimizin intellektual potensialının artmasına kömək edir. Belə əlaqələr qarşılıqlı təcrübə mübadiləsinə, birgə innovativ layihələrin reallaşmasına zəmin yaradır, bu isə öz növbəsində ali təhsil müəssisələri arasında əməkdaşlığa, ümumilikdə təhsilin keyfiyyətinə müsbət təsir göstərir. Əlaqələrimiz bu gün UDNTU-nun rektoru Oleq Aleksandroviç Baulin tərəfindən də uğurla davam etdirilir.

Qonaqlar səmimi qarşılanmaya görə SDU-nun rəhbərliyinə və kollektivə dərin təşəkkürlərini bildirdilər və UDNTU-nun rektoru Oleq Baulinin salamını çatdırdılar. Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında olan iqtisadi, mədəni, möhkəm dostluq əlaqələrindən bəhs etdilər. Rusiya-Azərbaycan Universitetləri Assosiasiyasının fəaliyyətini yüksək qiymətləndirdilər.

Görüşdə həmçinin birgə layihələrin əhəmiyyəti, tələbələrin birbaşa əlaqələrinin genişləndirilməsi və ikili proqramların təkmilləşdirilməsi məsələləri müzakirə olundu.

Görüşdən sonra kiçik akt zalında rektor professor Elxan Hüseynov, prorektorlar, professor- müəllim heyətinin iştirakı ilə UDNTU-nun Texnologiya fakültəsinin dekanı Fərxad Vildanovun təqdimatı nümayiş etdirildi.

Tədbir çərçivəsində qonaqlar universitetin fakültə, kafedra və elmi laboratoriyaları ilə tanış oldular.

Daha sonra nümayəndə heyəti üçün Sumqayıt şəhər gəzintisi və ziyafət təşkil olundu.

Xəbər lenti