Logo

Avropanın nüfuzlu universitetlərində təhsil alan məzun: “Bakı Ali Neft Məktəbində təhsil aldığım üçün özümü çox şanslı və xoşbəxt hiss edirəm”

14.12.2021 21:30 920 baxış
IMG

Aytac Abdin Bakı Ali Neft Məktəbinin (BANM) Kimya mühəndisliyi ixtisasının 2019-cu il məzunudur. Neft və qaz texnologiyası üzrə magistr təhsili alıb. Ali Məktəbi bitirdikdən sonra İtaliyanın “Maire Tecnimont” şirkətində kiçik layihə mühəndisi vəzifəsində çalışıb. Eyni zamanda, bir müddət BANM-də akademik fəaliyyətlə məşğul olub. 

Hazırda “Erasmus Mundus” proqramı ilə təqaüdlə Belçikanın Ghent Universitetində  magistratura pilləsi üzrə ikinci təhsilini alır. Daha sonra təhsilini İsveçin Uppsala Universitetində və Almaniyanin Freiberg Universitetində davam etdirəcək. BANM-də həm işləmiş, həm məzun olmuş Aytac Abdin buradakı mühitin çox fərqli və yüksək səviyyəli olduğunu bildirir: “Ümumilikdə 7 il BANM ailəsinin üzvü olmuşam. Ona görə də bura mənə çox doğma və əzizdir. Başda rektorumuz Elmar Qasımov olmaqla, bütün professor-müəllim və administrativ heyəti, tələbə və məzunları BANM-in əlamətdar 10 illik yubileyi münasibətilə təbrik etməkdən böyük məmnunluq hissi duyuram. Gələcək illərdə də müvəffəqiyyətə aparan yolda uğurlarının davamlı olmasını arzu edirəm. BANM mənə yüksək səviyyəli təhsil və zəngin bilik verməklə yanaşı, həyatıma çox dəyərli insanlar və xoş anlar qazandırıb. Buna görə də təhsilimi BANM-də aldığım üçün özümü çox şanslı və xoşbəxt hiss edirəm”.
 
Onun BANM tələbələrinə məsləhəti də var. Aytac Abdin deyir ki, uğurlu məzun olmağın sirri özünə inanmaq və hər çətinliklə mübarizə aparmağı bacarmaqdır: “Uğurumda BANM-in rolu əvəzolunmazdır. 7 il mükəmməl professor-müəllim heyətindən aldığım yüksək səviyyədə təhsil, nəinki indiki təhsilimdə, həmçinin gələcək karyeramda da xeyli kömək edəcək. BANM mənə yüksək təhsil, zəngin biliklər verməklə yanaşı, çox gözəl dostluqlar, tanışlıqlar və unudulmaz anlar qazandırıb. Akademik fəaliyyətimə də burada başlamışam. Mənə bu cür şans verdiyi üçün BANM-ə təşəkkür edirəm. Heç kəsdən ilk cəhddə mükəmməl olması gözlənilmir. Mənə görə uğur qazanmaq istəyirsənsə, məyus olmamalısan, əksinə, səhvlərindən nəticə çıxarıb öz bacarıqların üzərində işləməli, onları təkminləşdirməlisən”. 

Xəbər lenti