Anar Bədəlbəyli Bakı Ali Neft Məktəbinin (BANM) Kimya mühəndisliyi ixtisasının 2019-cu il məzunudur. Hazırda bp şirkətində Səngəçal Terminalı, “Şah Dəniz 2” sahəsində proses mühəndisi vəzifəsində çalışır.
Doğma Ali Məktəbini 10 illik yubileyi münasibətilə təbrik edən Anar Bədəlbəyli BANM-də təhsil aldığı üçün hər zaman qürur duyduğunu bildirir:
“BANM-in 10 illik tarixi olmasına baxmayaraq, fəaliyyətə başladığı ildən hər zaman zirvələrdə olmağı bacarıb. Bu da sözsüz ki, peşəkar professor-müəllim heyətinin, idarəetmə strukturunun və zəhmətkeş tələbələrin sayəsində mümkün olub. Sevimli Ali Məktəbimin 10 yaşı münasibətilə bütün akademik – administrativ heyəti, tələbə və məzunları təbrik edirəm. İnanıram ki, biz məzunlar hər zaman BANM-in, BANM də bizim qürur mənbəyimiz olacaq”.
Anar Bədəlbəyli BANM-də təhsil almağı uğurlarının başlanğıcı hesab edir. O, bu Ali Məktəbin cəmiyyətə peşəkar kadrlar təqdim etdiyini vurğulayır:
“BANM-də oxuduğum illər ərzində texniki biliklərə yiyələnməklə yanaşı, yaxın dostlar qazanmışam, unudulmaz anlar yaşamışam. Əldə etdiyim uğurların təməli məhz BANM-də qoyulub. Sağlam rəqabət, daim inkişafa yönəlmiş mühit məni hər zaman daha yaxşısını etməyə ruhlandırıb. BANM mənim üçün yalnız mühəndislik məktəbi deyil, eyni zamanda, ünsiyyət bacarıqlarımın, liderlik qabiliyyətimin inkişaf etməsinə şərait yaradan təhsil ocağıdır”.