Dekabrın 15-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) nümayəndələri İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (Seçenov Universiteti) Bakı filialında olublar.
İlk olaraq, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (Seçenov Universiteti) Bakı filialının rektoru, professor Əziz Əliyev, tədris və müalicə işləri üzrə rektor müavini, professor Novruz Hacıyev və tərbiyə və dərsdən kənar işlər üzrə departament rəhbəri, t.ü.f.d. Leyla Əhmədzadə və ASAPES-in nümayəndələri arasında görüş keçirilib.
Daha sonra Seçenov Universitetinin Bakı filialının tələbələri və rezidentləri qarşısında çıxışlar edilib. Professor Əziz Əliyev giriş nitqindən sonra sözü ASAPES-in nümayəndələrinə verib. Böyük Britaniyanın UCL Universitetinin pofessoru, ASAPES-də magistrantlar və doktorantların elmi rəhbəri Maykl Pol Luzmor və Akademiyanın tədris və elmi işlər üzrə prorektoru Təhminə Tağı-zadə həkimlər üçün ingilisdilli “İdman tibbi və reabilitasiya” magistratura proqramı barədə ətraflı məlumat verib, tələbələrin suallarını cavablandırıblar.
Yekunda Seçenov Universitetinin Bakı filialı və ASAPES arasında cari ilin fevral ayında bağlanmış əməkdaşlıq memorandumu çərçivəsində fəaliyyətlər müzakirə olunub.