Dekabrın 16-da Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ASAPES) Karyera Mərkəzinin təşkilatçılığı ilə “Ustadla görüş” idman layihəsi çərçivəsində tanınmış idmançı, basketbol üzrə İdman Ustası, I İslam Həmrəylik Oyunlarının qalibi, 5 qat Azərbaycan superliqasının və Avropa çempionatının "C" divisionun qalibi, basketbol üzrə 3x3 Azərbaycan milli komandasının üzvü, məşqçi Anar Hacıyevlə görüş keçirilib.
Tehsil.biz xəbər verir ki, görüşdə “İdmanın oyun növləri” kafedrasının ixtisasçılarından ibarət tələbə və professor-müəllim heyəti iştirak edib. Anar Hacıyev görüş zamanı öz nailiyyətlərindən, idman karyerasından və uğur yolundan bəhs edib. O, tələbələrə hər zaman məqsədli olmaq və çətinliklər zamanı ruhdan düşməməyi məsləhət görüb.
Tələbələr idman ustası ilə bir meydançada olmaqla yanaşı, master-klass zamanı ustaddan basketbolda effektiv hərəkətlər, topu səbətə atışın dəqiqliyinin sirləri haqqında nəzəri və praktiki olaraq məlumat alıblar.
“İdmanın oyun növləri” kafedrasının müdiri İlqar Əliyev idmançının idman sahəsindəki uğurları haqqında danışıb, təşəkkürlərini bildirib. Sonda Anar Hacıyevə Akademiya adından xüsusi hazırlanmış hədiyyəni təqdim edilib, xatirə fotosu çəkdirilib.
Qeyd edək ki, layihənin əsas məqsədi bədən tərbiyəsi və idman sahəsində maarifləndirmə işinin artırılması, bu sahələrdə nailiyyət qazanmış idmançıların tanıdılması və gələcək mütəxəssislərə dəstək olmaqdır.