Dekabrın 16-da Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) və İnvest-AZ investisiya şirkətinin birgə təşkilatçılığı ilə SABAH qrupları layihəsi modeli çərçivəsində “İdman menecmenti və kommunikasiya” ixtisası üzrə təhsil alan ASAPES-SABAH xüsusi pilot qrup tələbələri üçün “Birjada qiymətin necə düşməsini qazanmaq?” mövzusunda seminar keçirilib.
İnvest-AZ İnvestisiya şirkətinin tədris üzrə Ph.D dərəcəli meneceri Rövşən Məmmədov seminar iştirakçılarına beynəlxalq maliyyə bazarındakı yatırım imkanlarından, analiz üsullarından məlumat verib. Gələcəyin menecerlərinə dünya maliyyə bazarına onlayn çıxış imkanlarını izah edib. Fikir mübadiləsi formatında keçirilən seminarda praktikadan nümunələrin göstərilməsi tələbələrdə böyük maraq yaradıb. Təlim zamanı maliyyə bazarlarında qiymət dinamikliyi, birjadan pul qazanmaq imkanları, sahə üzrə uğurlu strategiyalar kimi mövzulara toxunulub.
Seminarın sonunda təlimçi tələbələrin maliyyə savadlarını artırmaq məqsədilə Forex, birjada qiymətlər, ticarətdə müvəffəqiyyət qazanmağın yolları, maliyyə bazarlarındakı yeni tendensiyalar mövzusunda suallarını cavablandırıb.