Dos. İlham Əhmədov :
Universitetlərin pandemiya dövründə yeni tədris formatlarına və bu səbəbdən də rəqəmsal xidmətlərə yüksək tələbatı yarandı. İlk dəfə olaraq onlayn təhsil sferasına ciddi investorların axını baş verdi, bunun sayəsində cəmi bir il ərzində, bir çox rəqəmsal təhsil platformaları iri masştabda böyüdü və inkişaf etdi.
Pandemiya dövrünün universitet təhsili bütün dünyaya göstərdi ki, tələbələr onlayn təhsil almağı çox bəyəniblər (təbii ki, əgər proseslər düzgün qurulubsa). Rəqəmsallaşma tələbələrə seçim azadlığı verdi: universitetlərin, proqram və formatların seçim azadlığı. Təbii ki, belə vəziyyətdə universitetlər arasında rəqabət də güclənir. Bəs bu rəqabətdə müsabiqədə necə qalib gəlmək olar?
Rusiya və MDB ölkələri onlayn təhsil sahəsində dünyadan çox geri qalır. Biz isə Rusiyadan xeyli geridəyik. 2020-ci ildə Rusiyanın onlayn təhsil bazarı 1 milyard dollar həcmində qiymətləndirilirdi. Bizdə idə onlayn təhsil bazarının maliyyə tutumunu hələ ki, heç kəs qiymətləndirməyib, çünki, bu təhsil formatı hələ də formalaşmayıb. Əksinə son 20 il ərzində onun yaranmasına və inkişafına xeyli maneələr törədilib, bu təhsil texnologiyasına rəsmi sənədlərdə yaşıl işıq yandırılsa da, reallıqda nazirliyin və təhsil qurumlarının ögey münasibəti olubdur.
ABŞ, Çin və Hindistan kimi ölkələrin onlayn təhsil bazarının tutumu Rusiyadan xeyli çoxdur. Ekspertlərin proqnozlarına görə, yaxın illərdə qlobal onlayn təhsil bazarının həcmi 400 milyard dollara, 2030-da trilyon dollar keçəcək. Artıq bu gün qlobal və milli onlayn təhsil platformalarının təxminən 200 milyon dinləyicisi var, bu say dünyada olan bütün tələbələrin sayı ilə müqayisə oluna bilən bir rəqəmdir.
Pandemiya müddətində rəqəmsal texnologiyalara keyfiyyətli təhsilə əlçatanlığı təmin edən, yeni təhsil imkanları yaradan bir sistem kimi baxan müəllimlərin sayı dünya üzrə 30%-dən 70%-ə qədər artıb. Bununla belə dünyada əks qütbdə olan, hələ də yeni təhsil formatına keçə bilməyən xeyli sayda universitetlər mövcuddur. Bunlar əsasən təhsildə autsayder olan ölkələrin universitetləridir (son 15 il ərzində TOP 1500 universitetlər sırasında bir universitetlə belə təmsil oluna bilməyən ölkələrin universitetləridirlər). Belələri şütüyən qatara çatmaq üçün əbəs yerə qaçan sərnişinə bənzəyir).
Universitetlərin rəqəmsallaşması nə bir ayın, nə də bir ilin işi deyil. Lider universitetlər 30 ildir ki, bu yoldadırlar, bu yönlü inkişaf layihələr və proqramlarının icrasına yüz milyonlarla (bəziləri isə milyardlarla) dollar vəsait sərf ediblər, Bizdə artıq bəzi universitetlərdə rəqəmsallaşma üzrə prorektor sştatı təsis edilmişdir. Amma illər ərzində təhsilin informatlaşması üzrə kadr hazırlığı aparılmadığından mütəxəssis qıtlığı var, qeyri mütəxəssislərin isə təyinatı universitetə heç nə verə bilməz, real vəziyyəti dəyşdirməz. Eyni vəziyyət strateji idarəetmə üzrə prorektor ştatlarına təyinatında da müşahidə edildi. Universitetlərimizin əksəriyyətində müasir universitet modeli haqqında dolgun təsəvvürü olan kadrlar qıtlığı hiss edilir.
Bütün aşkar çətinliklər və problemlərə baxmayaraq, onlayn ali təhsilin böyük gələcəyi var. Bunu dərk etməyənlər müasir təhsildən məlumatsızdırlar. Belələri təhsil menecerləridirsə, onda bu ölkələrdə yaxın gələcəkdə təhsil sistemi çökə bilər.
Rəqəmsallaşma prosesində universitetlər bir çox cəhətlərdən təhsil “dizaynerlərinə”, təhsil “konstruktorlarına” çevrilirlər. Universitet oflayn və ya onlayn olaraq fənn və modulları, müxtəlif auditoriya və səviyyələri əhatə edən, əsas və əlavə təhsil imkanları yaradan, asan öyrənmə mühiti təmin edən unikal, innovasion ekosistemə çevrilməkdədirlər. Bu hər bir tələbənin fərdi təhsil trayektoriyası və öyrənmə tempini saxlamaqla, onlara geniş çeşidli seçim imkanı yaradır.
Elektron təhsil smart təhsilin əsas texnologiyasıdır. Çox yaxın gələcəkdə iri həcmli verilənlərin emalı və süni intellektin bu proseslərdə iştirakını nəzərə almaq lazımdır.
Beləliklə bu texnologiyalar kütləvi və fərdiliyi nəzərə almaqla, fasiləsiz, ucuz və keyfiyyətli təhsil sistemini əlçatan edəcəkdir. Bu keyfiyyətlər tarix boyu bütün təhsil sistemlərinin əlçatmaz arzusu olub. İndi isə bu arzunun reallaşması gözümüzün qarşısında baş verir. Əlbəttə ki, bunu qiymətləndirən və bacaran universitetlərdə.
Artıq rəqəmsallaşma gələcək deyil. Rəqəmsallaşma bu günümüzün qaçılmaz reallığıdır. Bunun alternativi yoxdur. Bizim qarşımızda milli universitetlərimizin rəməqsal sıçrayış zərurəti durur, çünki, dünya universitetlərindən rəqəmsal geriliyimiz, rəqəmsal uçurum böyükdür. Bunun üçün universitetlərimiz rəqəmsallaşma baxımından yetkinləşməli, qabaqcıl universitetlərin təcrübələrindən faydalanmalı, bu məsələlərdə kompetensiyalarını artırmalıdırlar. Ölkə Prezidenti, cənab İlham Əliyevin qeyd etdiyi kimi, “....biz çalışacağıq ki, dünyada mövcud olan ən qabaqcıl təcrübəni Azərbaycanda tətbiq edək.”
Qarşımızda isə bizə daha uyğun və daha yaxın olan Türkiyə universitetlərinin bu sahədəki müsbət təcrübəsi var. Bu universitetlər bizə kömək əlini uzatmağa daim hazırdırlar. Qarabağı işğaldan azad etməkdə qardaşlarımız texnoloji dəstək verdikləri kimi, təhsil geriliyimizi də aradan qaldırmaqda dəstək verməyə hazırdırlar. Bu dəstək hərbi-texnoloji dəstəkdən daha vacibdir. Çünki, ölkənin təhsilsizlik problemi Qarabağ problemindən daha ağırır.