“Bakı Ali Neft Məktəbində oxuduğum illər ərzində elmə olan marağım daha da artdı”.
Bu sözləri Bakı Ali Neft Məktəbinin (BANM) Proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrasının müəllimi, ali təhsilin hər üç pilləsini BANM-də alan Ramil Şükürov bildirir.
O, 2018-ci ildə Bakı Ali Neft Məktəbinin Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının bakalavr pilləsini, 2020-ci ildə isə Texniki sistemlərdə informatika və idarəetmə ixtisasının magistr pilləsini Fərqlənmə diplomu ilə bitirib. Daha sonra təhsilin ali pilləsi olan doktoranturaya daxil olub və hazırda Bakı Ali Neft Məktəbində Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi ixtisası üzrə təhsilini davam etdirir.
Ramil Şükürov 2018-ci ildən Bakı Ali Neft Məktəbində müxtəlif şöbələrdə fəaliyyət göstərib, 2020-ci ildən isə müəllim olaraq çalışır. O, avtomatika ixtisasının müxtəlif fənlərini, eləcə də hazırlıq mərhələsi üçün İKT-1 fənni və “Python” proqramlaşdırma dilini tədris edir.
BANM-in gənc müəllimi vurğulayır ki, burada təhsil alarkən elmə marağının daha da artması ilə özünü pedaqoji sahədə sınamaq qərarına gəlib. O, həm də təhsil aldığı ixtisas üzrə ölkədə savadlı kadrların yetişməsi üçün töhfə vermək məqsədilə müəllimliyə yönəlib.
Ramil Şükürov yaradılmasının 10 illiyini qeyd edən BANM-də tələbəlik illərindən yaxşı dostlar, burada çalışmağa başladıqdan sonra səmimi kollektiv qazandığını qeyd edir: “İşlərin çox olmasına baxmayaraq, buradakı mühit və daxilimdəki motivasiyaya görə görülən işlərdən zövq alır və yaxşı nəticə əldə etdikdə fəxr hissi keçirirəm”.