Dekabrın 16-sı saat 11 radələrində paytaxtın “İndigo” MMC-yə məxsus mətbəədə operator vəzifəsində işləyən 1993-cü il təvəllüdlü Xəyyam Təhməzov iş yerində ölüb.
Prokurorluqdan “Qafqazinfo”ya verilən məlumata görə, Səbail rayonu, Bayıl qəsəbəsi, Əhəd Yaqubov küçəsində yerləşən mətbəədə kağızları kəsmə yolu ilə qabaqcadan müəyyən olunmuş formanı vermək təyinatı daşıyan avadanlıqda işləyərkən avadanlığın içində qalan kağızları çıxarmaq məqsədilə Xəyyam Təhməzov baş və əl nahiyyəsini saldığı avadanlığın hidravlik pressinin arasında qalması nəticəsində xəsarət alaraq ölüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq davam etdirilir.
Qeyd edək ki, Xəyyam Təhməzov Vətəndaş Həmrəliyi Partiyasının (VHP) Cəbrayıl rayon təşkilatının üzvü olub.