Logo

ADPU-nun 100 illik yubileyi qeyd olunub

17.12.2021 12:37 803 baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 100 illik yubileyinə həsr olunan mərasim keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə təhsil naziri Emin Əmrullayev, xarici işlər naziri Ceyhun Bayramov, Prezident Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, ADPU-nun rektoru, professor Cəfər Cəfərov və digər dövlət rəsmiləri iştirak ediblər.

Mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

ADPU-nun rektoru, professor Cəfər Cəfərov qeyd edib ki, son 100 ildə ADPU-nu 160 mindən çox tələbə bitirib və nlar da istər təhsil sferasında, istərsə də çalışdıqları digər sahələrdə Azərbaycanın ümumi inkişafına, sosial-iqtisadi və mədəni tərəqqisinə kifayət qədər sanballı töhfələr veriblər: "Ümumiyyətlə, bu gün elə bir təhsil müəssisəsi, elmi idarə, təşkilat və ya təhsillə bağlı QHT yoxdur ki, orada Pedaqoji Universitetin məzunları çalışmasınlar. Universitetimizin yetirmələri həm də müxtəlif dövlət orqanlarında, nazirlik, komitə və agentliklərdə, yerli icra hakimiyyətlərində, güc strukturlarında, özəl qurumlarda uğurla fəaliyyət göstərirlər. Biz işlədiyi sahədə fərqlənən, universitetimizin adını uca tutan hər bir məzunumuzla fəxr edirik. Fəxr edirik ki, Elmlər Akademiyasının prezidenti olmuş 11 nəfərdən 3-ü – Yusif Məmmədəliyev, Zahid Xəlilov və Həsən Abdullayev bizim universitetin yetirmələridir.

Tanınmış yazıçı və şairlərimizdən Səməd Vurğun, Mikayıl Müşfiq, Mehdi Hüseyn, Süleyman Rəhimov, Şıxəli Qurbanov, İsmayıl Şıxlı, İlyas Əfəndiyev, görkəmli alimlərimizdən Heydər Hüseynov, Məmməd Arif, Həmid Araslı, Mehdi Mehdizadə, Əlisöhbət Sumbatzadə, Əbdüləzəl Dəmirçizadə, Budaq Budaqov və bir çıxışda adlarını sadalaya bilməyəcəyimiz onlarla digər məşhur ziyalılar müxtəlif illərdə Pedaqoji Universitetində təhsil alıblar. Fəxr ediləsi haldır ki, fəaliyyəti dövründə Pedaqoji Universitet yalnız Azərbaycanda deyil, Balkanlardan Çin səddinədək uzanan geniş bir coğrafi məkanda pedaqoji kadr hazırlığının flaqmanı olub, Bolqarıstan, Gürcüstan və Mərkəzi Asiya respublikaları üçün yüksək ixtisaslı müəllim və elmi kadr hazırlığı işini uğurla həyata keçirib".

Təhsil naziri Emin Əmrullayev bildirib ki, ADPU-nun təhsil həyatında müstəsna rolu var: "Universitetin 160 minlik məzunu yəqin ki, Azərbaycanın son 100 ilində həyatında bu və ya digər şəkildə rol oynayıb. 160 mindən çox adamın fəaliyyəti nəticəsində bir çox sahədə insanların bilik və bacarığı formalaşıb".

Tədbir bədii hissə ilə davam edib.

Xəbər lenti