Yeddi dövlət orqanında mövcud olan 58 vakant vəzifə üzrə dekabrın 13-dən başlanan ümumi müsahibə davam edir.
Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, qeydiyyatdan keçmiş 159 namizəddən 135-nin müsahibədə iştirakına razılıq verilib. Ən yüksək müsabiqə vəziyyəti Dövlət Maliyyə Nəzarəti Xidməti, Qeyri-büdcə təşkilatlarında nəzarət tədbirlərinin aparılması şöbəsi, Dövlət büdcəsindən maliyyə yardımı alan təşkilatlar üzrə nəzarət tədbirlərinin aparılması sektoru, aparıcı məsləhətçi – nəzarətçi-müfəttiş (1 vakant yer üzrə 13 namizəd), Hesablama Palatası, Gəlirlərin auditi sektoru, baş məsləhətçi (1 vakant yer üzrə 11 nəfər) vəzifələri üzrə yaranıb. Bu gün saat 13:25-ə olan məlumata görə, müsahibədə uğur qazanmış 12 namizəd dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.
Müsahibələrin 2022-ci il yanvarın 6-dək keçirilməsi planlaşdırılır.