Logo

“Multikultural cəmiyyətdə məzhəbçilik və dini təəssübkeşlik meyillərinin yaratdığı problemlər”

17.12.2021 17:15 568 baxış
IMG

Dekabrın 17-də Gəncə şəhərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Multikultural cəmiyyətdə məzhəbçilik və dini təəssübkeşlik meyillərinin yaratdığı problemlər” mövzusunda seminar keçirilib.

Qadınların iştirakı ilə keçirilən tədbirdə açılış nitqi ilə çıxış edən DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov dini təəssübkeşlik, məzhəbçilik, dini fanatizm və bu kimi digər bölücü tendensiyaların cəmiyyətin balansını pozduğunu, insanlar arasında uçurum yaratdığını bildirib. Qeyd edib ki, bunun, xüsusilə multikultural və tolerant ənənələrə sadiq toplumlarda daha tez nəzərə çarpması, diqqət çəkməsi həmin problemlərlə mübarizə tədbiri kimi dini maarifləndirməni genişləndirməyi zəruri edir.

DQİDK-nın Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova bildirib ki, Dövlət Komitəsinin bu qəbildən təşkil etdiyi tədbirlər fərqli din və məzhəb mənsubları arasında dözümsüzlük, ayrı-seçkilik hallarına yol verilməməsi, cəmiyyətdə radikalizm meyillərinin qarşısının alınması məqsədi daşıyır. Səmavi dinlərin irəli sürdüyü bərabərlik, ədalət, mənəviyyat, insanpərvərlik, sülh ideyalarını bir daha vurğulayan E.Kərimova dini təəssübkeşlik, ekstremizm və radikalizmlə mübarizənin zəruriliyini qeyd edərək bu işdə cəmiyyətin bütün təbəqələrinin, xüsusən də qadınların roluna diqqəti çəkib. Bu istiqamətdə qadınların üzərinə düşən öhdəliklərə diqqət çəkən şöbə müdiri hər bir qadının təhsilli olmasının, öz hüquqlarını bilməsinin, düzgün dini bilgilərə malik olmasının, milli-mənəvi, tolerant dəyərlərimizə bağlılığının cəmiyyətin sağlam gələcəyinin təminatı olduğunu qeyd edib.

Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yaqut Əliyeva təqdimatla çıxış edərək bildirib ki, cəmiyyətimizə yad olan dini ideologiyaların yayılmasında bu gün sosial şəbəkələr mühüm rola sahibdir. Son illər gənclər arasında sosial şəbəkələrin populyarlaşmasının onların aktivliyini artırmaqla yanaşı, mənfi meyillərə də yol açdığını bildirən şöbə müdiri, məktəblilərin, yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə ciddi nəzarət edilməsinin, ümumilikdə isə bütün yaş qruplarından olan vətəndaşlar ilə dini maarifləndirmə işinin genişləndirilməsinin labüdlüyünü diqqətə çatdırıb. Yaqut Əliyeva, həmçinin qeyd edib ki, dini təəssübkeşlik, məzhəbçilik İslam dininin təbliğ etdiyi dəyərlərlə tamamilə ziddiyyət təşkil edir. Bütün bunlara qarşı mübarizədə xalqımıza məxsus milli-mənəvi dəyərlərin təbliği, tolerant, multikultural ənənələrin mühafizəsi və yayılmasının genişləndirilməsi tədbirləri effektiv vasitələrdir.

DQİDK-nın əməkdaşı Aysel Abdullayeva isə “Xurafatla mübarizədə qadınların rolu” mövzusundakı təqdimatında xurafatı yaradan amillər, onun növləri, xurafatın yol aça biləcəyi zərərli əməllərdən danışıb, xurafatla mübarizədə ziyalı insanların, xüsusilə qadınların üzərinə çox böyük məsuliyyət düşdüyünü diqqətə çatdırıb.

DQİDK-nın sifarişi ilə hazırlanan “Dövlət və din”, “Könüllülər hərəkatı və dini icmalar”, “Din və sosial media” adlı videoçarxların nümayiş olunduğu seminar öz işini müzakirələrlə yekunlaşdırıb.

Xəbər lenti