17 dekabr 2021-ci il tarixlərində Azərbaycan Dövlət Neft və Sənaye Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) Yer Elmləri Departamenti tərəfindən təşkil olunmuş “Earth Science Mixer” tədbiri keçirilib.
Tehsil.biz xəbər verir ki, tədbirdə Azərbaycan Neftçi Geoloqları Cəmiyyəti, SOCAR, Baker Hughes, AMEA-nın Geologiya İnstitutu, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, ADNSU, eiLink, Total, JOCAP, Schlumberger, Azercosmos, Subsea7, Women in Science, BP, DATUM və s. kimi təşkilatların nümayəndələri iştirak edib.
Bu tanışlıq görüşü UFAZ-ın Yer Elmləri sahəsi üzrə fəaliyyət göstərən tərəfdaşlarına və mütəxəsisslərə universitet, tədqiqat institutları və şirkətlər arasında gələcək əməkdaşlığı stimullaşdırmaq məqsədi ilə baş tutub və mehriban atmosferdə bir araya gəlmək üçün imkan yaradıb.
UFAZ-ın icraçı direktoru Vazeh Əskərov və baş katibi Elizaveta Bydanova qonaqları salamlayıb və tədbirin işinə uğurlar arzulayıblar.
UFAZ-ın Yer Elmləri üzrə koordinatoru və professoru Clara Jodry universitetdə tədris olunan akademik proqramlar və Yer Elmləri üzrə tədqiqat proyektləri barədə danışıb.
Daha sonra UFAZ tələbələri öz elmi posterlərini təqdim edib.
Tədbirdə həmçinin UFAZ-da baş tutmuş Yer elmlərinə həsr olunan məktəblərarası bilik yarışmasının qalibi seçilmiş Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin şagirdlərinə sertifikatlar təqdim olunub. Qalib komanda həm də 2022-ci ildə planlaşdırılan sahə ekskursiyalarından birində iştirak etmək haqqı qazanıb.