Logo

İnşaat Kollecinin məzunu şəhid Cavanşir Əhmədovun xatirəsi anılıb

18.12.2021 10:22 532 baxış
IMG

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) nəzdindəki İnşaat Kollecinin məzunu şəhid Cavanşir Əhmədovun xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə şəhidin anası və ailə üzvləri iştirak ediblər.

AzMİU-dan bildirilib ki, tədbirdə torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Universitetin tədris işləri üzrə prorektoru Akif Qasımov qüdrətli Ordumuzun düşmən üzərində qazandığı parlaq Qələbədən, Vətən müharibəsində Azərbaycan oğullarının göstərdiyi qəhrəmanlıq və şücaətlərdən söhbət açıb. O, 44 günlük Vətən müharibəsində torpaqlarımızın qorunması, Vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızdan olan Cavanşirin qısa və şərəfli ömür yoluna nəzər salıb. Vurğulayıb ki, şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək bizim borcumuzdur. “Hər bir Azərbaycan vətəndaşı öz milli qəhrəmanlarını tanımalı, onların keçdiyi həyat yolundan çox şeyləri öyrənməlidir”, - deyə A.Qasımov vurğulayıb.

Universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Bayram Aslanov tariximizin şanlı səhifələrinin yazılmasında igidlik göstərən qəhrəman əsgər və zabitlərimizlə qürur duyduğunu deyib, əzəli torpaqlarımızın düşmən işğalından azad olunması uğrunda canından keçən bütün şəhidlərə rəhmət, qazilərə isə şəfa diləyib. O, AzMİU-da şəhidlərin hər zaman hörmət və ehtiramla anıldığını, tələbələrin milli vətənpərvərlik ruhunda tərbiyə olunması üçün ötən illər ərzində bütün imkanlardan istifadə olunduğunu bildirib.

Tədbirdə çıxış edən şəhidin orta məktəb müəllimi Xanıgül Quliyeva, kollecdəki müəllimləri Gövhər Quliyeva və Azadə Quliyeva Cavanşirlə bağlı xatirələrini bölüşüblər, onun döyüş yolundan, göstərdiyi şücaətlərdən danışıblar.

Sonda Cavanşir haqqında tələbələrin hazırladığı videoçarx nümayiş olunub.

Xəbər lenti