Göygöldə müəllimin şagirdini döyməsilə bağlı məlumatlar yayılıb.
Tehsil.biz xəbər verir ki, hadisə Göygöl rayonunun Üçtəpə kənd tam orta məktəbində baş verib.
Sosial şəbəkələrdə valideyn tərəfindən yayılan məlumatda bildirilib ki, müəllim onun övladına iki şillə vurub:
"Oğlum Məmmədli Atilla Göygöl rayon Üçtəpə kənd tam orta məktəbinin 2-ci sinfində oxuyur. 10 dekabr günü oğlum evə gəldiyində sifətində beş barmaq qırmızı iz gördüm. Şillə ilə vurulmuşdu. Dedim oğul nə olub sifətinə? Demədi. Sonradan öyrəndim ki, məktəbin informatika müəllimi Quliyeva Nurlan oğlumu dərsdə güldüyü və yanındakı uşağı güldürdüyü üçün sifətinə şillə ilə iki dəfə vurub".
Müəllimin özünə müraciət etməkdən çəkinən valideyn baş verənlər barədə sinif rəhbərinə məlumat verərək, direktorun da məsələdən xəbərdar olmasını və belə bir halın təkrarlanmamasını xahiş edib.
Həmçinin Göygöl rayonu Təhsil Şöbəsinə müraciət edildikdən sonra Quliyev Nurlana töhmət verilib.
Şikayətçi qeyd edib ki, bu, adıçəkilən müəllimin ilk belə davranışı olmadığı üçün nazirə də müraciət edirik, məsələni nəzarətə götürsün.
Fəqan Əzimli