Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) bakalavr və magistr təhsil pillələrinə qəbul olmuş I kurs tələbələri oktyabrın 12-dən 15-dək üç gün müddətində tanışlıq məqsədilə mərhələli şəkildə universitetə gəlmələri nəzərdə tutulub.
ADNSU-dan bildiriblər ki, bu ali məktəbin rektoru, professor Mustafa Babanlı I kurs tələbələri ilə görüşəcək, onlara universitet haqqında məlumat və tövsiyələrini verəcək. Bundan əlavə, I kurs tələbələri təhsil alacaqları ixtisaslar haqqında müvafiq fakültə və kafedralardan onları maraqlandıran suallara cavab ala biləcəklər.
Qlobal koronavirus pandemiyası ilə əlaqədar xüsusi karantin rejimi şəraitindən və epidemioloji vəziyyətdən asılı olaraq I kurs tələbələrinin oktyabrın 15-dən etibarən ənənəvi qaydada tədrisə başlaması barədə qərar verilməsi nəzərdə tutulur.
Qeyd edək ki, I kurs tələbələri istisna olmaqla ADNSU-da sentyabrın 15-dən onlayn formatda yeni tədris ilinə start verilib.