Mədinə Şükürlü Bakı Ali Neft Məktəbinin (BANM) 2019-cu il Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasını Fərqlənmə diplomu ilə bitirən məzunudur. Prezident təqaüdçüsü olub. Eyni zamanda BANM-in Texniki sistemlərdə informatika və idarəetmə ixtisası üzrə magistratura məzunudur. Hazırda bp şirkətində mühəndis kimi çalışır. Mədinə Şükürlü, həmçinin BANM-in Proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrasının müəllimidir.
Doğma Ali Məktəbini və mehriban BANM ailəsini 10 yaşı münasibətilə təbrik edən uğurlu məzun təəssüratlarını bölüşüb. O, BANM-də yüksək səviyyəli nəzəri biliklərlə yanaşı, real iş təcrübəsi də qazandığını vurğulayır: “İnanıram ki, ilk 10 ildə özünəməxsus təhsil-tədris və idarəetmə prinsipləri ilə Azərbaycan universitetləri arasında liderə çevrilən BANM, qısa zamanda dünya universitetlərinin reytinq siyahısında da yer alacaq. Məlum olduğu kimi, istehsalatda çalışmağa başlayan gənc kadrların ən böyük problemlərindən biri nəzəri biliklərin real iş sahəsində tətbiqidir. Amma BANM məzunusansa, təhsil aldığın müddətdə müxtəlif milli və transmilli şirkətlərdə keçirilən təcrübə proqramları, təcrübəli və istehsalatda uğur qazanmış mühəndislərlə mütəmadi olaraq keçirilən səmərəli görüşlər, müzakirələr, onlardan dinlənilən seminarlar sayəsində demək olar ki, bu problem əhəmiyyətli dərəcədə aradan qaldırılır”.
Tələbəlik illəri ilə bağlı xatirələrini bölüşən Mədinə Şükürlü BANM-də dərin bilik və təcrübə ilə yanaşı, bir çox bacarıqlara yiyələndiyini də bildirir. O, həmçinin öz simasında iş və elmi fəaliyyətin paralel aparılmasının mümkünlüyünü də qeyd edir. Buna da məhz BANM sayəsində nail olub: “ BANM-də tələbəlik illərimi həm çətin, həm maraqlı, bəzən gərgin, bəzən əyləncəli, bir sözlə, rəngarəng adlandırmaq olar. BANM mənə gözəl dostluqlar, sosial aktivlik, peşəkar professor-müəllim heyəti və təcrübəli mühəndislərdən dərs almaq imkanı verdi. Buranın bütün məzunları uğurludur. Bunun sirri isə savadlı və istedadlı tələbələri olan BANM-də sağlam, güclü rəqabət mühiti ilə yanaşı, birlikdə öyrənmək, bildiklərini yoldaşlarınla paylaşmaq və birlikdə daha çox uğur qazanmaq kimi gözəl bir tendensiyanın olmasıdır”.
Mədinə Şükürlü BANM müəllim kimi fəaliyyətə başlamasından da bəhs edib. Buna görə də o, özünü şanslı hesab edir: “Biz BANM-də Poseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının ikinci il qəbulu idik. Yeni universitet, yeni ixtisas və yeni dərs proqramı olduğundan professor-müəllim heyəti biz tələbələrin də fikirlərini nəzərə almaqla bu proqramı ildən-ilə inkişaf etdirir, təkmilləşdirirdi. Mən də professor-müəllim heyəti və tələbələr arasında qurulan bu gözəl, səmimi mühitdən ayrılmaq istəmədiyim üçün, doğma Ali Məktəbimizdə Proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrasında elmi fəaliyyətlə məşğul olmaq qərarına gəldim. BANM-in müəllimi olmaq qürurvericidir”.