Bakı şəhəri Şəhid Nüsrət Yaqubov adına 120 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdləri AMEA İnformasiya Texnologiyaları İnstitutunda olublar.
İnstitutdan bildirilib ki, Tədris-İnnovasiya Mərkəzinin (TİM) rəhbəri Rəsmiyyə Mahmudova qonaqlara mərkəzin fəaliyyəti barədə məlumat verib. 2003-cü ildən ölkənin bütün doktorant və dissertantlarına informatika fənninin tədrisi və doktorluq imtahanlarının qəbulu prosesinin bu mərkəzdə həyata keçirildiyini, dərslərin institutun alim və yüksəkixtisaslı mütəxəssisləri tərəfindən tədris olunduğunu bildirib. TİM-də distant tədris xidmətlərinin göstərildiyini, respublikada ilk dəfə olaraq, Naxçıvan və Gəncədə distant tədris mərkəzlərinin yaradıldığını qeyd edib. Həmçinin mərkəzdə elmi müəssisə və təşkilatların əməkdaşları və sıravi vətəndaşlar üçün informasiya texnologiyaları kurslarının təşkili və sertifikatlaşdırma ilə bağlı görülən işləri nəzərə çatdırıb.
Məktəblilər müasir avadanlıqla, tədrisin keyfiyyətinə nəzarət üçün videomüşahidə sistemi ilə təchiz olunmuş otaqlar və Distant Tədris Mərkəzi ilə tanış olublar.
Sonra Multimedia Texnologiyaları Mərkəzinin rəhbəri Anar Səmidov mərkəzin fəaliyyəti barədə məlumat verib. “İnformasiya texnologiyaları” nəşriyyatında kitabların çap prosesini, genişformatlı, yüksəksürətli rəqəmsal çap avadanlığının, eləcə də 3D-printerin iş prinsipini əyani şəkildə nümayiş etdirib və şagirdləri maraqlandıran sualları cavablandırıb.
Elmi informasiya və elmmetriya şöbəsində olan qonaqlara institutun kiçik elmi işçisi Firudin Əsgərov şöbənin elektron kitabxana xidmətləri, elmmetrik tədqiqatlar, antiplagiat və DOI xidmətləri sektorları haqqında məlumat verib.
Sonra çıxış edən Elmi informasiya və elmmetriya şöbəsinin rəhbəri Mədinə Səidova əməkdaşların zəruri elmi informasiya ilə təmin edilməsinin institutun fəaliyyətinin əhəmiyyətli istiqamətlərindən biri olduğunu söyləyib. Elmi informasiya və elmmetriya şöbəsinin fəaliyyətinin müasir dövrün tələblərinə uyğun şəkildə təkmilləşdirildiyini, elektron kitabxananın təhlükəsizliyinin təmin olunması, resursların identifikasiyası, oxucuların özünəxidməti həyata keçirə bilməsi üçün ən son texnologiyaların quraşdırıldığını nəzərə çatdırıb.
Daha sonra qonaqlar institutun “AzScienceNet” Şəbəkə İdarəetmə Mərkəzi və Data Mərkəzlə yaxından tanış olublar. Mərkəz rəhbərinin müavini Tural Mustafayev “AzScienceNet”in fəaliyyəti haqqında məlumat verərək, şəbəkənin ölkədə elm və təhsil sahələrinin inteqrasiyasında böyük imkanlara malik olduğunu söyləyib. O, Data Mərkəzdə göstərilən xidmətlərdən bəhs edib, burada hesablama və yaddaş resurslarından istifadə yolu ilə mürəkkəb məsələlərin emalı və yadda saxlanmasına xidmət edən hesablama sistemlərinin mövcud olduğunu vurğulayıb. Bildirib ki, AMEA-nın elmi-tədqiqat müəssisələri ilə yanaşı, ölkənin təhsil qurumları da institutun “AzScienceNet” şəbəkəsi və Data Mərkəzinin xidmətlərindən yararlana bilərlər.