ABŞ-da yaşayan həmyerlimizin adı Birləşmiş Ştatlara töhfə vermiş 20 miqrantın həyatından bəhs kitaba salınıb.
“Report”un yerli bürosu xəbər verir ki, Birləşmiş Ştatlarda çap olunan “Əziz Meyn” (“Dear Maine”) kitabında Meyn ştatında Azərbaycan icmasının rəhbəri Tərlan Əhmədov haqqında da yazılıb. Amerikalı yazarlar Morqan Rielli və Reza Jəlalinin həmmüəlifi olduqları kitabında müxtəlif illərdə ABŞ-a miqrasiya etmiş miqrantların uğur hekayələrindən bəhs edilir. Kitabda Amerika cəmiyyətinə fayda verən miqrantlar arasından seçilən T.Əhmədovun bu ölkəyə köç hekayəsi və aktiv diaspor fəaliyyəti haqqında geniş məlumatlar yer alıb.
T.Əhmədov “Report”a müsahibəsində bildirib ki, azərbaycanlı kimliyi ilə onu adının ABŞ-da uğur hekayəsi olan miqrantların siyahısına salınması həmyerlilərimizi qürurlandırıb: “Fəxr edirəm ki, ölkəmdən uzaq olmağıma baxmayaraq, bütün uğurlarımı azərbaycanlı kimliyimlə qazanıram. Artıq 20 ilə yaxındır ABŞ-da aktiv diaspor faəliyyəti ilə məşğulam. Azərbaycan həqiqətlərinin ABŞ ictimayyətinə təqdimatı üçün illərdir ki, var gücümüzlə çalışırıq. Sevinirəm ki, ötən illər ərzində reallaşdırdığımız layihələrlə artıq bizi bu ölkədə tanıdırlar.
Fəaliyyətimiz təkcə öz icmamıza deyil, digər mühacir cəmiyyətlərə də təsir edir. Təşkilatımız Əfqanıstan, Albaniua, İran, Rusiya, Ukrayna, Bosniya, İraq, Somali, Konqo və digər ölkələrdən olan qruplarla sıx əməkdaşlıq edirik. Elə bunun nəticəsidir ki, bu gün digər 19 ölkədən olan miqrantın adının yazıldığı kitabda məndən də bəhs olunur”.
T.Əhmədov “Əziz Meyn” kitabında ölkəmiz haqqında da geniş məlumat verildiyini bildirib: “Kitabda Azərbaycanda keçən uşaqlıq illərimdən və ailəmdən danışmışam. Onlara eyni zamanda Azərbaycanın müstəqillik tarixi, zəngin mədəniyyəti haqqında geniş məlumatlar vermişəm. Kitabda ABŞ-a köç hekayəm və bu ölkəyə uyğunlaşma prosesi, Azərbaycan adına ABŞ-da gördüyüm işlərdən də bəhs olunur. Sevinirəm ki, bu uğurum Amerikada yaşayan bütün həmvətənlərimizi sevindirdi”.