AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin və akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun Elmi şuralarının birgə iclası keçirilib.
Akademiyadan bildirilib ki, tədbirdə institutun 2021-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunları müzakirə edilib.
İclası giriş sözü ilə AMEA-nın vitse-prezidenti, bölmənin Elmi şurasının sədri, akademik İradə Hüseynova açıb.
Sonra Fiziologiya İnstitutunun baş direktoru biologiya elmləri doktoru, professor Ulduz Həşimova hesabat məruzəsi ilə çıxış edib. Məruzədə cari ildə dövlət proqramlarının icrası ilə əlaqədar müəssisədə yerinə yetirilmiş işlər haqqında məlumat verilib. Bildirilib ki, 4 problemin həlli üzrə 13 mövzuya aid 28 elmi-tədqiqat işinin 43 mərhələsi yerinə yetirilib. Hesabat ilində institut əməkdaşları tərəfindən ümumilikdə 175 elmi əsər, o cümlədən 62 məqalə və 113 məruzə tezisləri yerli və xarici elmi mətbuatda çap edilib, 9 məqalə impakt faktorlu jurnallarda dərc olunub. İnstitut əməkdaşları həm respublikada, həm də xaricdə çoxsaylı onlayn konfranslarda və vebinarlarda iştirak ediblər.
Məruzəçi tərəfindən institutda herontologiya, neyrofiziologiya, hüceyrə fiziologiyası üzrə aparılan fundamental tədqiqatların ən mühüm nəticələri iştirakçılara təqdim edilib və bu nəticələr üzrə yüksək impakt faktorlu jurnallara məqalələr hazırlandığı bildirilib.
Ulduz Həşimova qeyd edib ki, son illər fundamental elmlə təhsilin qarşılıqlı əlaqəsi xeyli möhkəmlənib, digər universitetlərlə elmi-pedaqoji əlaqələr davam etdirilir.
Son illərdə müəssisənin beynəlxalq əlaqələrinin daha da genişləndiyini vurğulayan professor 2021-ci ildə 2 xarici (Rusiya, Türkiyə) və 3 yerli təşkilatla qarşılıqlı əməkdaşlıq haqqında rəsmi müqavilələrin imzalandığını da nəzərə çatdırıb.
Müəssisənin baş direktoru institutun AMEA-nın koronavirus pandemiyasına qarşı mübarizə, ölkənin müdafiə qüdrətinin artırılması ilə bağlı tədbirlərində yaxından iştirak etdiyi haqda məlumat verib.
Akademik İradə Hüseynova müzakirələrə yekun vuraraq rəhbərliyə və əməkdaşlara tapşırıq və tövsiyələrini bildirib.
Sonda institutun 2021-ci ildə fəaliyyəti üzrə hesabatı qəbul edilib.