Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakultəsinin Cəbr və həndəsə kafedrasının müdiri, əməkdar elm xadimi, professor Arif Səlimovun və həmin kafedranın dosenti Habil Fəttayevin “Sasaki metrikinin lay üsullu bircins deformasiyaları haqqında” (http://journal.pmf.ni.ac.rs/filomat/index.php/filomat/issue/view/135) adlı məqaləsi Serbiya Respublikasının Təhsil, Elm və Texnoloji İnkişaf Nazirliyi və Nis Universiteti tərəfindən dəstəklənən “Filomat” (http://journal.pmf.ni.ac.rs/filomat/index.php/filomat) jurnalının 2021-ci il 11-ci nömrəsində çap olunub.
Məqalədə Riman çoxobrazlıları üzərində qurulan ko-reper laylanmalarının laylarında deformasiya aparmaqla total fəzada ilk dəfə daxil edilən bircins Sasaki metriklərinin diferensiyal-həndəsi xassələri öyrənilib.
Qeyd edək ki, bu jurnal “Web of Science” (Clarivate Analytics) elmi məlumatlar platformasının nüfuzlu SCI-Exp indeksinə daxildir (impakt faktoru: 0.844).