Logo

ADU-da Ragnhild Thorinin tələbələrlə görüşü keçirilib

21.12.2021 11:30 645 baxış
IMG

Dekabrın 20-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin Skandinaviyaşünaslıq mərkəzi  və Regionşünaslıq kafedrasının birgə təşkilatçılığı ilə Gəncə Beynəlxalq Məktəbinin sabiq direktoru, pedaqoq Ragnhild Thorinin Skandinaviyaşünaslıq ixtisası üzrə təhsil alan tələbələrlə görüşü  keçirilib. 

Regionşünaslıq kafedrasının müdiri dosent Sevdagül Əliyeva Ragnhild Thori və onun fəaliyyəti haqqında  görüş iştirakçılarına ətraflı məlumat verib. Məlumat zamanı o,  Ragnhild Thorinin universitetdə 2008-2009-cu illərdə Norveç dili müəllimi kimi fəaliyyət göstərdiyini də qeyd edib.  

Ragnhild Thori dahi Azərbaycan şair Nizami Gəncəvi yaradıcılığı ilə ilk tanışlığında danışarkən onun İngilis şairi, yazıçısı Vilyam Şekspir yaradıcılığından bəhrələndiyini zənn etdiyi, yaşadığı dövr haqqında öyrəndikdən sonra yanıldığını bildirib. O, Nizami Gəncəvinin yaradıcılığına marağın məhz Gəncədəki həyat və iş fəaliyyətiylə bağlı olduğunu,  kitabını da Nizami  yaradıcılığının  təsiri nəticəsində 2012-ci ildə onun ”Leyli və Məcnun” əsərindən və ona məxsus məşhur aforizmlərdən seçmə hissələr Azərbaycan, ingilis və rus dillərinə tərcümə olunaraq maraqlı illüstrasiyalı şəkildə çap olunduğunu, həmin  kitabın  2014-cü ildə Bakıda HUMAY mükafatına layiq görüldüyünü də qeyd edib. 

Görüş zamanı o, tələbələrə Nizami Gəncəvi yaradıcılığı haqqında, onun  fəlsəfi fikirləri ətrafında danışıb,  müəllifi olduğu “Nizami Gəncəvi Leyli və Məcnun və Aforizmlər” adlı kitabını təhlil edib. 

O, Azərbaycan Respublikası Təhsil Nazirliyinin kitaba göstərdiyi dəstəkdən söz açıb. Həmçinin  Təhsil Nazirliyinin  dəstəyi ilə  4000  nüsxə ilə dərc olunduğunu və həmin kitabların bir çox məktəblərə hədiyyə etdiyini də vurğulayıb. 

Tədbirin sonunda  Ragnhild Thori Skandinaviyaşünaslıq ixtisası üzrə təhsil alan  tələbələrin Norveç dilində suallarını cavablandırıb. 
Qeyd edək ki, müəllif  Ragnhild Thori Azərbaycan Respublikasında 2021-ci il ”Nizami Gəncəvi ili” elan edilməsi ilə əlaqədar olaraq, Mədəniyyət Nazirliyi tərəfindən Azərbaycana dəvət  olunub.

Xəbər lenti