Təhsil naziri Emin Əmrullayev məktəbdə şagirdlərin iştirakı ilə dini məzmunlu klipin çəkilməsinə münasibət bildirib.
Tehsil.biz xəbər verir ki, o, keçirdiyi brifinqdə deyib ki, həmin klipin hansı məktəbdə çəkildiyi Təhsil Nazirliyinə məlumdur.
Onun sözlərinə görə, məktəb hansısa dini və ya siyasi mesajların yayılması yeri olmamalıdır: “İnsanlar müxtəlif mövzuda klip çəkə bilər. Sadəcə kliplərin məzmunundan asılı olmayaraq məktəbdə çəkilməsi qaydalara ziddir. Maarifləndirmə ilə bağlı məktəbdə hər hansı çəkilişlə bağlı Təhsil Nazirliyindən icazə alınmalıdır. Həmin klipin çəkilişi ilə bağlı icazə alınmamışdı. Klipin çəkilişi bazar gününə təsadüf etmişdi. Valideynlər və şagirdlər böyük həvəslə klipdə çəkilmişdi. Ümumilikdə məktəbdə belə klip çəkilişi qeyri-qanunidir. Kimsə ürəyi istədiyi vaxt gəlib məktəbdə klip çəkməməlidir. Bu nöqsandır və buna yol verən məktəb rəhbərliyi barədə intizam tədbiri görülüb”.