Dekabrın 21-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) "Narkomanlığa qarşı mübarizədə gənclərin rolu" mövzusunda tələbələrlə görüş keçirilib.
ADPU və Səbail Rayon İcra Hakimiyyətinin (RİH) təşkilatçılığı ilə reallaşan tədbirdə universitetin 50-dək tələbəsi iştirak edib.
Görüşdə açılış nitqi ilə çıxış edən Səbail RİH başçısının müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Səbail rayon komissiyasının sədri Eldar Ağayev bildirib ki, son dövrlərdə narkomanlığın gəncləşməsi ciddi narahatlıq doğurur və narkomanlığa qarşı mübarizədə gənclərimizin bu haqda dərin biliklərə malik olması, ayıq-sayıqlığı xüsusi rol oynayır.
Narkomanlığa və Narkotik VQDQ Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbərinin müavini Tanrıverdi Aydınov dövlətim narkomanlığa qarşı mübarizə sahəsində gördüyü işlərdən, bu sahədə dövlət-vətəndaş birgə fəaliyyətinin vacibliyindən söz açaraq Dövlət Komissiyasının işi ilə bağlı vacib məqamları qeyd edib.
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Seymur Quliyev narkomanlığın formaları, ona cəlbolunma üsulları, xüsusən son dövrlərdə sosial şəbəkələr vasitəsilə gənclərin aldadılaraq şirnikləşdirilib narkomanlığa cəlb edilməsi hallarının artmasını vurğulayıb. O, bildirib ki, bu birbaşa dövlətimizə və cəmiyyətimizə qarşı yönəlmiş qəsddir və bu bəladan qorunmaq üçün birgə fəaliyyət zəruridir. Xüsusən gənclər olduqca diqqətli olmalı, gələcəyimizi yetişdirəcək müəllimlərimiz övladlarımızın tərbiyəsində vətəndaş sayıqlığı nümayiş etdirməlidirlər.
Bakı Narkoloji Mərkəzinin həkim-narkoloqu Təriqə Quliyeva narkomanlığın fəsadları haqqında geniş məlumat verərək narkomanlığa qarşı mübarizə sahəsində Bakı şəhəri ilə yanaşı Respublikanın əsas regional mərkəzlərində narkoloji dispanserlərin fəaliyyət göstərdiyini və bu mərkəzlərdə təkcə müalicə prosedurları deyil, eyni zamanda konsultasiya, maarifləndirmə, məsləhət xidmətlərinin göstərildiyini diqqətə çatdırıb.
Həkim-narkoloq bildirib ki, narkomanlığa qarşı vaxtında məlumatlandırmanın aparılması, onun fəsadlarının aradan qaldırılmasından qat-qat asandır.
Azərbaycan Milli QHT Forumunun prezidenti, Dövlət Komissiyasının üzvü Rauf Zeyni vətəndaş cəmiyyəti institutları adından tələbə-gənclərə səslənərək bildirib ki, daha firavan ölkə və cəmiyyət qurmaq yolunda bu mənfur düşmənə qarşı ümummili bir mübarizə aparmalıyıq. Bu gün adi vətəndaş, tələbə, gənc olmaq yetərsizdir, hazırlıqlı, bacarıqlı, məlumatlı gənclər ordusu olaraq səfərbər olmalıyıq.
ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru professor Fikrət Rzayev faydalı görüşə görə natiqlərə təşəkkür edərək bu kimi vacib sosial tədbirlərin təşkili Pedaqoji Universitet olaraq daim diqqət mərkəzindədir.
Görüş suallar ətrafında davam etdirilib.