Logo

Azİİ e-Kitab Evində “Ölümü ömür seçənlər” kitabının təqdimatı keçirilib

21.12.2021 16:49 687 baxış
IMG

Dekabrın 21-də Azərbaycan Dövlət Neft Sənaye Universitetiin (ADNSU) Azİİ e-Kitab Evində 44 günlük Vətən müharibəsi şəhidlərinə həsr olunmuş Yaqut Bahadurqızının “Ölümü ömür seçənlər” kitabının təqdimatı keçirilib.

Tehsil.biz xəbər verir ki, təqdimat mərasimində ADNSU-nun Elmi işlər üzrə prorektoru, texnika elmləri doktoru Lətafət Qardaşova, Tərbiyə İşləri üzrə prorektor, dosent Ata Babayev, Azİİ e-Kitab Evinin direktoru Səlahət Mahmudova, İctimai fənnlər kafedrasının müdiri, professor Camal Mustafayev, kafedranın baş müəllimi Könül Abdullayeva, kitabın müəllifi Yaqut Bahadur qızı, redaktoru, professor Habil Məmmədov həmçinin şəhid ailələri və tələbələr iştirak ediblər.

Tədbirdə çıxış edən Azİİ e-Kitab Evinin direktoru Səlahət Mahmudova 44 gün davam edən Vətən müharibəsində qəhrəmanlıq tarixi yazan şəhidlərimizin hər zaman Azərbaycan xalqının qəlbində yaşayacağını və onlar haqqında neçə-neçə kitablar, məqalələr yazılacağını deyib.

Sonra Vətən müharibəsi şəhidlərinə həsr olunmuş video sujet nümayiş olunub.

Daha sonra tədbir iştirakçıları kitab haqqında fikirlərini bölüşüb, adlarını Azərbaycan Zəfər tarixinə qızıl hərflərlə yazan şəhidlərə həsr olunmuş kitabın əhəmiyyətindən danışıblar. Şəhidlərin ailə üzvləri vətən topağı uğrunda canlarından keçən yaxınları haqqında xatirələrini bölüşüb, onların qısa, lakin şərəfli və mənalı həyat yolundan bəhs ediblər.

Tədbirin sonunda müəllifin kitabı Azİİ e-Kitab Evinin bazasına təqdim edilib.

Qeyd edək ki, “Ölümü ömür seçənlər” kitabı 44 gün davam edən Vətən müharibəsində qəhrəmancasına şəhid olan 39 nəfər kürdəmirli şəhidlər haqqındadır. Hər bir şəhidin, ailələrinin, doğmalarının, döyüş yoldaşlarının onlar haqqındakı xatirələri kitabda geniş ifadə olunub.

Kitabın müəllifi Filologiya üzrə fəlsəfə doktoru,Yaqut Bahadur qızı Əşrəfova AMEA-nın N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran Regional Filialının müdiri, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.”Həsrət”,”Vurğunam nəğməyə,sözə”,”Hay ver mənə cənab leytenant” və bir çox kitabların müəllifidir.

Xəbər lenti