Logo

ADNSU-nun rektoru “İnnovativ iqtisadiyyat və innovativ insan” mövzusunda məruzə ilə çıxış edib

21.12.2021 18:02 737 baxış
IMG

Dekabrın 21-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) rektor, professor Mustafa Babanlı Elmi Seminarda “İnnovativ iqtisadiyyat və innovativ insan” mövzusunda məruzə ilə çıxış edib.

ADNSU-nun professor-müəllim və tələbələrinin iştirak etdiyi tədbirdə professor Mustafa Babanlı müasir dövrdə innovativ iqtisadiyyatın və onun təşəkkül tapması üçün innovativ insanın formalaşdırılmasının əhəmiyyətini vurğulayıb. İnnovativ iqtisadiyyatın XXI əsrin iqtisadi doktrinası olduğunu qeyd edən rektor M.Babanlı innovativ iqtisadiyyatın strukturu, bu sahədə universitetlərdə kadr hazırlığı, təhsil sahəsində modernləşmənin əsas istiqamətləri haqda məlumat verib.

İnnovativ iqtisadiyyatın əsas prinsipləri kimi yüksək iqtisadi azadlıq indeksini, təhsil və elmin yüksək inkişaf səviyyəsini, geniş mənada İnsan kapitalının yüksək dəyəri və keyfiyyətini, İnnovativ müəssisələrin (60-80%-dən çox) və innovativ  məhsulun böyük payını, yüksək səviyyədə inkişaf etmiş bilik sənayesi və onun ixracını göstərən rektor M.Babanlının fikrincə, innovativ iqtisadi model elm, təhsil və sənaye sahələri arasında ahəngin olmasını tələb edir. İnnovativ iqtisadiyyatın əsas mənbəyinin insan olduğunu vurğulayan professor M.Babanlı bu iqtisadiyyatın ölkə sənayesi, universitet və dövlət üçün nə kimi fayda verəcəyini sadalayıb.

O, müasir dövrdə universitetin prioritet məsələsinin yeni bilik və elmi nailiyyətləri təhsil prosesinə çevik daxil edilməsi, təhsilin aramsız inkişafı və təkmilləşdirilməsinin təmin edilməsi olduğunu vurğulayıb.

Sonda rektor, professor Mustafa Babanlı müəllim və tələbələrin suallarını cavablandırıb.

Xəbər lenti